Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
İldən-ilə ölkəmizdə həmin günə həsr edilmiş tədbirlərin sayı artmaqla uşaqlara və onların pozulmuş hüquqlarına diqqət daha çox cəlb edilməyə çalışılır. Bu il Azərbaycan Xalça muzeyində keçirilən uşaqlara həsr edilən tədbirdə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyininin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin tanıtımı və maarifləndirilməsi kampaniyası keçirilmişdir. Kampaniya çərçivəsində uşaqlara Qaynar xəttin nömrəsinin də qeyd olunduğu maarifləndirici bukletlər paylanılmış, uşaqlara necə müraciət edəcəkləri ilə bağlı ətraflı məlumat verilmişdir.
Xüsusi günlərdə şəhərdə, küçədə gəzməyə, əylənməyə çıxarılmış uşaqların çoxluğundan addımlamaq imkanımızın məhdudlaşmasına baxmayaraq, hələ də uşaqlara qarşı hətta həmin günlərdə belə fiziki və psixoloji zorakılığın davam etdirildiyini görürük. Valideynlər uşaqlarını gəzməkdə özlərini apara bilməməkdə qınayır, döyür, nalayiq sözlərlə təhqir edir, saatlarla ağlamalarına səbəb olur və günün sonunda da sosial şəbəkələrdə uşaqlarını zorla dayandırıb suni gülüşlə çəkdirdiyi şəkilləri möhtəşəm keçirilmiş gün adı ilə utanmadan, vicdanlarının səsini batıraraq paylaşırlar. Və Biz digərləri isə buna susaraq reaksiya verir, ən yaxşı halda isə “nch nch nch” edərək susmadığımızı göstərməyə cəhd edirik. Əgər bir cəmiyyətdə uşaqların hüquqları pozulur və tapdanırsa, o cəmiyyətdə istənilən təbəqənin hüququ tapdanacaq, istənilən hüquq pozuntusuna göz yumulacaq.
Təəssüf ki, çoxsaylı addımların atılması da bu istiqamətdəki problemlərin tamamilə aradan qaldırılmasına kömək etmir. Düşünürəm ki, həll yolu biz cəmiyyətin üzvlərində gizlidir. Uşaqlara qarşı istənilən haqsızlığa susmamalı, kömək göstərməkdən, mənim övladımın başına gəlməyib ki deyə düşünməkdən qaçınmalı, lazımi qurumlarla əlaqə saxlayaraq təcili və təxirəsalınmaz yardımlar göstərəliyik.