Previous Next

17 May Beynəlxalq Uşaq Qaynar Xəttləri günüdür

17 May Beynəlxalq Uşaq Qaynar Xəttləri günüdür. Azərbaycanda Uşaq Qaynar Xətt  (AUQX) xidməti fəaliyyətini 10 ildir ki, davam etdirir. Kənardan baxdıqda bəlkə də bu iş olduqca asan görünə bilər. Bir Qaynar Xətt xidməti əməkdaşının işi nə üçün çətin olsun ki? Zəng gəlir, dəstək qaldırılır, müraciət dinlənilir və sağollaşılır...

AUQX xidmətinin fəaliyyəti heç də yuxarıda sadalandığı üzrə davam etmir, burada ardıcıllıq da, göstərilən yardım istiqaməti də olduqca fərqlidir. Məqsədimiz ölkəmizdə yaşayan bütün uşaqların sədasına çevrilərək onların problemləri yalnız dinləmək və təsəlli vermək deyil, həm də həllinə müvəffəq olmaqdır. Bunun öhdəsindən gördüyümüz işdə bizə daima güvənən, dəstək olan insanlar, qurumlar olmadan təkbaşına gələ bilməzdik. 10 illik fəaliyyətimiz müddətində 42 000-dən artıq müraciətin cavablandırılmasını biz operatorlar həyata keçirsək də, problemin aradan qaldırılması, təxirəsalınmaz müdaxilənin edilməsində hər zaman tək olmamışıq. Bugün 17 May 2020-ci il tarixində bizlər Ümidli Gələcək STİB əməkdaşları, AUQX xidmətinin operatorları olaraq SİZlərə təşəkkürümüzü bildirmək istəyirik.

• 10 il ərzində fəaliyyətimizin qurulmasında dəstəyini əsirgəməyən AZERCELL Telekom;
• AUQX-nin fəaliyyətini daha geniş qurmasına və xidmətin təbliği istiqamətində əməkdaşlıq edən UNİCEF Azərbaycan ofisi;
• Yönləndirdiyimizin hər müraciətin təşkilatın xidmət mərkəzləri ilə birgə araşdırılmasına, ailələrə səfərlərin edilməsinə dəstək göstərən Daxili İşlər Nazirliyi və onun tabeliyində olan Polis İdarələri;
• Daxil olmuş müraciətlərin müvafiq regionlar üzrə dövlət qurumlarında araşdırılması və tədbirlərin görülməsində əməkdaşlıq etdiyimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi;
• Orta məktəblərdə maarifləndirmə tədbirlərinin keçirilməsi, siniflərdə mövcud problemlərin həllinə yardım edilməsinə daima şərait yaradan Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
• Qaynar Xəttə məxsus posterlərin yerləşdirilməsi ilə xidmət barədə əhalinin daha çox qisminin məlumatlılğının təmin edilməsinə kömək göstərən Bakı Metropoliteni;
• İnsan Hüquqlari üzrə Müvəkkili (OMBUDSMAN), Səhiyyə Nazirliyi, Rayon İcra Hakimiyyətləri, Ədliyyə Nazirliyininİcra və Probasiya Şöbələri, Komitənin regionlar üzrə Ailə və Uşaqlara Dəstək Mərkəzləri, yerli dovlət qurumlarına, verlişlər ekspert qismində iştiraka dəvət edən Televiziya yayımlarına, qısacası geridə qalan on ildə fəaliyyətimizi uğurla qurmamıza və davam etdirməmizə dəstək olan, töhfə verən, inamını, etimadını daima hiss etdiyimiz bütün dövlət və özəl sektorların nümayəndələrinə, eyni zamanda əhalinin ən duyarlı təbəqəsi olan, yalnız özünü, öz övladlarını deyil, digərlərini də düşünərək qonşuda, küçədə, məktəbdə, restoranda və ya digər hər hansısa bir yerdə baş vermiş zorakılıq hadisəsinə susmayan və araşdırılması üçün müraciət edən bütün vətəndaşlarımıza sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk!Sizin dəstəyiniz və inamınız bizim üçün olduqca vacibdir!

 

Hər zaman vurğuladımız kimi mövzu uşaqlar olduqda hər bir vətəndaşın həssas və duyarlı olması vacibdir. Problemləri görübgörməzdən gələrək, ört-basdır edərək onların yalnız dərinləşməsinə səbəb olarıq. Cəmiyyətimizin ən həssas təbəqəsi olan uşaqlarımızın qarşılaşdığı problemləri həll edə bilməkdən, Beynəlxalq Uşaq Qaynar Xətt Şəbəkəsinin üzvü olaraq regionlararası əməkdaşlığı qurub ölkəmizdə daha uğurlu fəaliyyətin davamı üçün daima inkişaf etməkdən qürur duyuruq! Unutmayaq, hər bir UŞAĞIn eşidilməyə, dinlənilməyə ehtiyacı var.  Yalnız səsləri eşidildikdə onlar özlərini cəmiyyətin həqiqi üzvü hesab edə və potensiallarını ortaya qoyaraq uğur əldə edə bilərlər.

Biz inanırıq ki, heç bir uşağın naləsi eşidilməmiş qalmayacaq!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!