Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir.
Aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.
Aylıq çərçivəsində dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, müvafiq qurumlar tərəfindən uşaq hüquqlarına dair dəyirmi masalar, treninq və seminarlar, kampaniyalar, sərgi və müsabiqələr keçirilir, araşdırmalar aparılır və digər tədbirlər təşkil edilir.
Eyni zamanda Uşaq Hüquqları aylığı çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya mərkəzində qeydiyyatda olan uşaq və yeniytmələr üçün bir sıra tədbirlər təşkil edilməkdədir.
İlk tədbirimiz 27 Oktyabr tarixində keçirilmişdir. "Özünü inkişaf treninqi" adını daşıyan tədbirdə təlimçimiz psixoloq, art terapevt Asəf Kərimov uşaq və yeniyetmələrlə isinmə oyunları, müxtəlif art terapiya məşğələləri təşkil etmişdir. İştirakçılar da həvəslə iştirak edərək qrup oyunlarında aktivlik nümayiş etdirmişlər.
İnanırıq ki, səylərimizi birləşdirməklə ölkədə uşaqların müdafiəsi və inkişafına, onların hüquqlarının təmininə töhfə verəcəyik.