Previous Next

Hiperaktivlik və Diqqət Çatışmazlığı Sindromu haqqında. Pedaqoq və valideynlərə tövsiyələr

Son dövrlər artıq hamımızın tanış olduğu bir termin əhalinin demək olar ki, bü­tün təbəqəsinin dilindədir: “HİPERAKTİV UŞAQDIR”. Tez-tez səslənməkdə olan bu ifadənin nə məna kəsb etdiyindən isə çoxları bixəbərdir. Əksəriyyət “ak­tiv” və “hiperaktiv” sözlərindən eynimənalı söz olaraq istifadə edir. Əslində isə bu çox yalnış bir yanaşmadır. “Əgər uşaqda hiperaktivlik müşahidə olunursa, çox güman ki, həmin uşaq “Hiperaktivlik və diqqət çatışmazlığı sindromu”ndan əziy­yət çəkir” fikri doğru deyildir.

“Hiper”  yunan sözü olub “yüksək”, “aktivas” isə “hərəkət” və ya “hərəkətli” deməkdir. Ona görə də əksər insanlar sözü məhz tərcüməsi ilə nəzərdə tutub səhvə yol verirlər. Hiperaktivlik sözü bu iki sözün birləşməsindən əmələ gəlib və aktiv, hərəkətli davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir.

İlk novbədə aktiv və hiperaktiv ifadələrinin kəsb etdiyi məna fərqlərinə diqqət yetirək.

         Aktiv uşaqları xarakterizə edən əlamətlər aşağıdakılardır:

         - daima qaçırlar, qışqırırlar, oynayırlar, ərköyünlük edirlər, amma onları maraqlandıran bir şey görən kimi sakitləşirlər.

         - Həzm sistemi, yuxu və allergiya ilə əlaqədar probelemləri olmur.

         - həmyaşıdları, valideynləri və digərləri ilə münasibətdə özlərini aqressiv apar­mırlar.

         - onları əhatə edən hər şeylə maraqlanırlar. Çoxlu suallar verirlər və ca­vab­la­rı­nı sona qədər dinləyib mühakimə yürüdürlər.

         - vərdiş olmadıqları ətrafa və yeni şəraitə uyğunlaşmaqda heç də çətinlik çək­mirlər. Əksinə bu onlar üçün əyləncəli olur.

Hiperaktivlik və diqqət çatışmazlığı sindromunun əsas göstəriciləri isə aşağıdakılardır.

1.Diqqət çatışmazlığı ( aşağıda sadalanan əlamətlərdən ən azı 6-sı uşaqda dai­ma özünü büruzə verirsə)

         - diqqətini cəmləyə bilməməsi üzündən tapşırığı səhvsiz yerinə yetirə bil­mə­mək

         - söz deyəndə qulaq asmağı bacarmamaq

         - görülən işi axıra çatdırmamaq

         - səbir və hövsələ tələb edən işlərdən qaçmaq

         - lazımi ləvazimatları tez-tez itirmək ( kitab, dəftər, qələm və s.)

         - gündəlik həyatda unutqanlıq

         - verilmiş tapşırıqlardan yan qaçmaq, fikri yayınmaq

         2. Hiperaktivlik və impulsivlik (aşağıda sadalananlardan minimum 4 əlamət 6 ay müddətində daima özünü göstərirsə):

Hiperaktiv uşaq

-         Çox hərəkətlidir, yerində dinc otura bilmir.

-         Danışdıqda sözləri və ya şəkilçiləri buraxır.

-         Dərsdə icazəsiz yerindən durur.

-         Yeri gəldi-gəlmədi mənasız yerə qaçır, dırmaşır, tullanır.

-         Sakit oyunları oynaya bilmir, dincəlmir.

-         Rahat yata bilmir, gecələr tez-tez oyanır.

-         Aqresivdir, ünsiyyət qurmaqdan yayınır.

-         Yeni mühitə gec öyrəşir, digər uşaqlarla ünsiyyətə girməkdə çətinlik çəkir.

İmpulsiv uşaq

-         Sualı tam dinləməmiş cavab verir.

-         Səliqəsiz olurlar.

-         D­iqqətsiz və qayğısızdırlar.

-         Öz növbəsini gözləyə bilmir.

-         Eyni vaxtda bir neçə impulsa reaksiya verir.

-         Nəticəni düçünmədən lazımsız, təhlükəli işlərə əl atır.

-         Başqalarına məxsus əşyaları tez-tez xarab edir.

-         Yüngül düşüncəli və ehtiyatsızdırlar.

Hiperaktivlik və Diqqət çatışmazlığı sindromununun uşaqda olub-olmadığını müəyyən edən ilk insanlar analardır. Hələ kiçik yaşlarından özünü göstərən əlamətlər valideynlərdə narahatçılığa səbəb olur.

Bu cür uşaqlarda, adətən, əzələ tonusu problemi olur. Çox kiçik yaşlarda olmalarına baxmayaraq hər bir qıcığa qarşı həssas olurlar və güclü reaksiya verirlər. Müəyyən yaş hüduduna çatdıqda isə diqqət dağınıqlığı, təlimata tabe olmama, sualları dinləməmə, bir yerdə otura bilməmə, oyunu sona qədər davam etdirə bilməmə, ışyaların tez-tez itirilməsi və s. kimi əlamətlər müşahidə olunur.

Baxmayaraq ki, valideynlər müəyyən əlamətlərin fərqində olurlar, amma tam olaraq problemin nə olduğunu dərk etmirlər. əksər valideynlər və birinci dərəcəli qohumlar isə bunu xəstəlik olaraq təsəvvür etmir, daha sadələşdirib adını “dəcəllik” qoyurlar. Uşaqdır böyüyəndə düzələcək, onun öz şəxsi aləmi var toxunma, oğlan uşağı nə qədər aktiv olsa o qədər yaxşıdır, qız uşağı sakit olsa böyüyəndədə özünü abırlı aparacaq və başqa bu qəbildən olan yalnış düşüncələrlə yəqin ki, hər birimiz tez-tez rastlaşırıq.

Bütün bu sadalanan fikirlərin yalnış olduğu hallar isə özünü ən çox məktəbəqədər təhsil və kiçik məktəb dövründə büruzə verir. Artıq valideynlərə müəllim və pedaqoqlar tərəfindən tez-tez iradlar olunur. “Sizin uşağınız bir yerdə dinc durmur”, “qəti dərsə qulaq asmır”, “öz aləmindədir, elə bil dərsə yox oyun oynamağa gəlib”. Əlbəttə heç də həmişə bu deyilənlərin hamısına məhz hiperaktivlik və diqqət çatışmazlığı sindromunda rast gəlinmir. Ona görə də, mütləqdir ki, valideyn cəmiyyət qınağını önəmsəməyib övladına kömək göstərə bilmək məqsədilə onunla daha dərindən məşğul olsun. Doğrudur, son dövrlərdə ölkəmizdə psixoloqa müraciət edənləri sayı əvvəlki illərə nisbətdə artmışdır. Amma buna baxmayaraq xəstəliyi ağır stiqmadan yayınmaq məqsədilə gizlətmək arzuolunan nəticələr vermir. Əksər hallarda isə müalicədə gecikmələrə gətirib çıxardır.

Hər bir valideyn başa düşməlidir ki, düzgün diaqnoz cəmiyyət tərəfindən deyil, məhz mütəxəssislər tərəfindən qoyulmalıdır. İstənilən xəstəliyin müalicəsində 2 ən vacib faktor var:

1.     Düzgün diaqnozun qoyulması

2.     Xəstəliyin mövcüdluğunun qəbul olunması

İstədiyimiz müsbət nəticəni yalnız bu yollarla əldə edə bilərik.

Şərti olaraq xəstəliyin diaqnostikasının 3 mərhələsini göstərmək olar:

         Birinci mərhələ - Amerika Psixoloqlar Asssosiasiyası tərəfindən hazırlanmış və hamı tərəfindən qəbul olunan uşağın davranışının subyektiv qiymətləndirilməsidir. Burada həkim anadan hamiləliyin və doğuşun necə keçməsi haqqında məlumatlat toplayır, uşağın indiyədək keçirdiyi xəstəlikləri soruşur. İlkin əlamətlərin qiymətləndirilməsi üçün bu mərhələ çox vacib əhəmiyyət kəsb edir. Belə ki, verilmiş yalnış informasiya son nəticəyə dərindən təsir göstərir.

         İkinci – obyektiv və ya psixoloji mərhələdə uşağa verilmiş xüsusi testlər əsasında onun bu testləri həll etməsinə sərf etdiyi vaxt və buraxdığı səhvlərin sayına baxılır, uşağın diqqəti yoxlanılır, davranışları müşahidə edilir. Bu mərhələ yaşı 5 və ondan yuxarı olan uşaqlara tətbiq olunur.

         Üçüncü mərhələdə başın elektroensefaloqrafisyası (EEQ) çıxarılır. Bu uşağın beyninin vəziyyətini dəyərləndirməyin daha dəqq üsuludur. Daha müasir metod isə Maqnit-Rezonans Tomoqrafiyadır (MRT). Bu üsullar ağrısız və ziyansızdır.

Ümümiləşdirmək lazımdırsa, uşaqlarda Hiperaktivlik və diqqət çatışmazlığı sindromu diaqnozu aşağıda sadalanan göstəricilər olduğu halda qoyulur:

1.     əlamətlərin erkən, yəni 7 yaşdan əvvəl yaranması və 6 aydan çox davam etməsi;

2.     əlamətlərdən bəzilərinin həm evdə, həm də məktəb şəraitində müşahidə olunması;

3.     əlamətlərin başqa xəstəliklərlə əlaqədar olmaması;

4.     öyrənmənin və sosial funksiyaların tənzimlənməsinin pozulması;

Qeyd etmək lazımdır ki, yalnız dərman müalicəsi ilə effektiv nəticə gözləmək lazım deyil. İlk növbədə valideynlər və onlarla yanaşı mütxəssislər (pedaqoq və müəllimlər) istər baxçada, istər də məktəbda bu qəbildən olan uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidirlər. Pedaqoqların riayət etməli olduğu qaydalardan  bəzilərini qeyd edək.

-         Uşaqla gecə vaxtı deyil, gündüz saatlarnda işləmək;

-         Uşağın iş yükünü azaltmaq;

-         Kiçik qruplarda, şagird sayı az olan siniflərdə dərs keçmək;

-         Dərs müddətini 30 dəqiqəyə qədər azaltmaq;

-         İşin gedişatının əvvəlindən uşağın səliqə-səhmanına diqqət yetirmək, get-gedə bu qabiliyyəti onda inkişaf etdirmək;

-         Dərsin daha yaxşı dinlənilməsi və uşaqla müəllim arasında göz kantaktı yaratmaq məqsədilə birinci partada əyləşdirmək, bununla da emosional bağ qurmaq;

-         Uşağın ən xırda müsbət dasvranışını belə qiymətləndirmək və ona uğur qazanmaq vərdişi aşılamaq;

-         Uşağa seçim şansı tanımaq;

-         Qaydalar haqqında öncədən məlumat vermək;

-         Toxunaraq və ya masaj edərək ona rahatlığı hiss etdirmək;

-         Hər hansısa bir gözlənilməyən situasiyaya əvvəlcədən hazırlıqlı olmaq və soyuqqanlılığı qorumaq;

Uşaqları hiperaktivlik və diqqət çatışmazlığı sindromundan əziyyət çəkən

valideynlərə tövsiyələr:

1.     Uşaqla münasibətləri müsbət hisslər, sevgi və qayğı əsasında qurmaq lazımdır. Belə etdiyiniz halda övladınızda sizə qarşı inam yaranacaq, sizinlə ünsiyyət qurmaqdan çəkinməyəcək.

2.     Ailə tərbiyəsi təkcə anadan asılı deyil. Ona görə də çalışın ailədə mehribançılıq olsun. uşaq da bu müsbət auradan faydalansın.

3.     Uşaqda yeni aqressiya əlamətləri yaranmasın deyə, onun gözü qarşısında mübahisə etmək, bir-birinə qışqırmaq olmaz.

4.     Mükafatlandırma və cəzalandırma tədbirləri mövvcud situasiyadan dərhal sonra tətbiq edilməlidir.

5.     Fiziki cəzadan istifadə yol verilməz haldır. Sizin uşağınızla olan münasibətiniz qorxu üzərində deyil, səmimiyyət və sevgi üzərində qurulmalıdır.

6.     Ona yalnışlarını “yox”, “olmaz” deyərək deyil, onun anlaya biləcəyi formada izah edin və niyəsini hər zaman uşaq üçün aydınlaşdırın.

7.     Əgər uşağa hiperaktivlik diaqnozu qoyulubsa onu səhvlərinə görə danlamaq və hirsinizi ondan çıxmaq lazım deyil. Belə uşaqları ancaq tənqid etmək olar. “sən yaxşı balasan, amma  indi düz hərərkət etmirsən” və s. kimi cümlələrdən istifadə etmək daha məqsədəuyğundur.

8.     Hərəkətlərinə müəyyən sərhəd qoyun və nəyin qətiyyən yol verilməz olduğunu başa salın.

9.     Gündəlik yerinə yetirilməsi tələb olunan  ev işlərinin bəzilərini ona tapşırın və heç bir müdaxilə etməyin. Öhdəliklərini sərbəst icra etmə vərdişlərinin formalaşması üçün bu çox vacibdir.

10.           Diqqətini cəmləməkdə çətinlik çəkdiyinə görə ona müəyyən zaman kəsiyində yalnız bir tapşırıq vermək lazımdır.

11.           Kompyuter və televizor qabağında çox vaxt keçirməsinə izin verməyin.

12.            Zərərli vərdişlərini intellektual oyunlarla əvəz edin. Unutmayın ki, siz övladınıza daha çox vaxt ayırıb onunla birgə uşaq ola bilsəz, onda müsbət nəticə əldə etmək həm sizin, həm də onun üçün daha asan olacaq.

13.            Uşağın gündəlik rejimi gözlənilməlidir, yemək həmişə eyni vaxtda yeyilməli, ev tapşırıqlarını yerinə yetirmək və yatmaq üçün ayırılmış vaxtlar dəyişdirilməməlidir. Çümki onlar nə qədər hərəkətli və dəcəl olsalar da, sinir sistemləri zəifdir və onu çox yükləməkdən yayındırmaq məqsədilə istirahət mütləq şərtdir.

14.            İşlədiyi yeri ona uyğun planlamaq lazımdır. Otağa və masanın üstünə diqqətini yayındıracaq əşya və predmetlər qoymayın.

15.            Uşaq eyni sualı bir neçə dəfə versə də, ona gülümsəyərək səbirlə cavab verilməlidir.

16.            Başqalarının yanında uşağınızı psiləməyin və danlamayın. Dediklərinizlə hərəkətlərinizin üst-üstə düşməsi çox vacibdir.

17.            Dostları sakit və stabil psixikalı insanlar olmalıdır. Həmyaşıdları ilə ünsiyyət impulsivlik əlamətlərinin aradan qaldırılmasına kömək edir.

18.            Uşağa artıq enerjisini xərcləmək üçün imkanlar yaradılmalıdır. Hər hansısa bir idman növü ilə məşğul olması onun üçün faydalı ola bilər.

Hiperaktivlik sindromunun əlamətləri adətən yeniyetməlik çağına qədər  bir az səngiyir və gənclik çağında keçir. Uşaqların təxminən yarısında, xüsusilə də, ailə anamnezində psixi pozuntu, alkoqolizm, narkomaniya olanlarda diqqət çatışmazlığı və impulsivlik əlamətləri yetkin yaşına qədər qalır.

Valideynlər unutmamalıdırlar ki, hiperaktivliyin müalicəsində uşaq üçün ən

yaxşı təsir vasitəsi valideyn qayğısı, diqqəti və sevgisidir.

 

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!