Uşaq Qaynar Xəttinə zəng edən abonentlər kimlərdir?
Zənglər... Zənglər... Zənglər... Zarafatlar və gülüşlər yoxsa gözyaşları və kədər... Minlərlə edilən zənglərin arxasında kimlər durur?
Hər bir zəngin özünəməxsus tarixçəsi var, istənilən abonent unikaldır.
Hər insan qəlbinin dərinliyində kömək almaq, dəstək almaq ya da sadəcə mənəvi rahatlıq tapmaq üçün böyük ümid hissi ilə zəng edir.
Təəssüf ki, konsultantın insanların daxili aləminə girib və onların bütün tarixçəsini oxumaq kimi bir bacarığı yoxdur. Konsultant sadəcə abonentin bölüşmək istədiyi hissəyə toxunmağı təklif edir. Müasir zamanda insanlar öz problemlərini nənələri, babaları ya da valideynləri ilə bölüşməkdənsə, inam telefonlarında psixoloqlarla bölüşməyi üstün tuturlar.
Uşaq Qaynar Xəttinə zəng edənlər arasında öz övladları və nəvələri ilə ünsiyyətdə problem yaşayan ana və nənələr çoxluq təşkil edir. Valideynlər həqiqətən də övladlarını dinləmək, başa düşmək istəyirlər, lakin ortaq dil tapmaqda çətinlik çəkirlər. Digər tərəfdən də həmin valideynlərin övladları qaynar xəttə zəng edərək öz ana, ata və nənələrinin onların həyatına hədsiz müdaxiləsindən ya da əksinə yetəri qədər diqqət yetirməməsindən, başa düşülməməkdən, öz anaları ilə emosional bağların zəif olmasından şikayətlənirlər.
Həyatda müxtəlif hadisələr baş verir. Məlumdur ki, yeniyetmələr böyüklərə nəzərən bütün hadisələri daha dərindən və şiddətli yaşayırlar ( boşanma, yaşayış ünvanının dəyişməsi, ölüm, məktəbin dəyişilməsi, yaxın dostunun itirilməsi, xəyanət və s. kimi hadisələr ). Bu kimi hallar onların həyata baxışını dəyişə bilər, özlərini lazımsız hiss etdirə bilər, bununla da onlar həyatın mənasını itirdiklərini düşünərlər. Çox vaxt öz yaxınları tərəfindən dəstək görməyən yeniyetmələr düşünürlər ki, heç nəyi dəyişmək olmaz, heç bir kömək yoxdur və sonda “hər şey bitdi – artıq həyatın sonudur” kimi fikirlərə təslim olurlar.
Bəzən elə hallar olur ki, öz kiçik övladları üçün həddən artıq narahat olan analar zəng edir. Onların sadəcə danışaraq mənəvi rahatlamağa və öz hərəkətlərinin doğruluğu ilə bağlı təsdiqə ehtiyacları var. Nəzərə alsaq ki, onlara ana olmağı heç kim öyrətmir, ona görə də valideynlərin hərəkətlərinin düzgün olub-olmadığına kənardan nəzər yetirən insanlara ehtiyacları olur.
Qaynar Xəttə heç də həmişə kömək üçün müraciət etmirlər, kimsə əyləncə üçün zəng edir, kimsə öz aktyorluq bacarıqlarını nümayiş etdirir, kimsə sadəcə yalnızlıqdan əziyyət çəkir və ya öz aqressiyasını tökməyə yer axtarır, ya da öz fikirlərini bölüşəcəyi yaxınları yoxdur. Elə hallar da olur ki, insanlar zəng edir və danışmırlar, onlar hələ öz fikirlərini bölüşməyə tam hazır deyillər.
Hər bir halda biz Qaynar Xəttin operatorları olaraq köməyə hər zaman hazırıq.
Unutmayın insanların həmişə seçim etmək şansları olur.