Uşaqlarımızı cinsi tərbiyə haqqında məlumatlandırmağa hələ onlar uşaq ikən başlamalıyıq. Bəzi hallarda yaşca qismən böyük olan valideynlər buna etiraz edir və məlumatlandırma prosesinə “uşağın gözünün açılması” olaraq baxır.
Hz Əlinin də dediyi kimi, övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin.
Elmi-texniki tərəqqinin və sosial medianın inkişafını, onların bugünkü həyatımızdakı yerini və kütləvi informasiya vasitələrində elan edilən xəbərlərin yaş qruplarına uyğunlaşdırılaraq senzuradan keçirilmədiyini nəzərə alsaq, deyə bilərik ki, uşaqlar istənilən informasiyanın aktiv qəbul edicisidir. Bu isə o deməkdir ki, hələ kiçik yaşlarından etibarən onlarda bəzi vərdişləri formalaşdırmaqla onları uşaqlara qarşı törədilən və zəmanəmizin bəlasına çevrilən cinsi zorakılıqdan az da olsa müdafiə etmiş olarıq.
Bununla bağlı bəzi tövsiyyələri nəzərdən keçirək.
1. Uşaqlarınızı dodaqlarından öpməyin. O istəmədikcə bədəninə heç kimin toxuna bilməyəcəyini ona öyrədin.
2. Filankəs sənə baxır, özünü yaxşı aparmasan sənən əsəbləşəcək; düzgün oturmasan qabaqdakı nənə sənə qışqıracaq və s. bu kimi ifadələrdən istifadə etməyin. Uşaq başa düşməlidir ki, istənilən kənar şəxsin onun həyatına müdaxilə etmək ixtiyarı yoxdur.
3. Avtobus və ya metrolarda tıxac olduqda övladınızı məcbur edib yad əminin və ya xalanın qucağına otur deyərək tanımadığı insanlarla arasındakı bağı qüvvətləndirməyin.
4. Qohum belə olsa uşağınızı heç kimlə ayaqyoluna göndərməyin. Çimizdirilməsini də sizin nəzarətiniz olmadan heç kimə əmanət etməyin.
5. Siz və ya tanışınız kimsə onu öpmək istəyir amma uşaq buna etiraz edirsə onu məcbur etməyin və hirslənməyin. Uşaq bilməlidir ki, onun seçim hüququ var.
6. Uşaqlara bədəninin hansı nahiyələrini heç kimə göstərməməli və toxunmağa icazə verməməli olduğunu (ayaqlarnın arası, sinə. dodaqlar) izah edin. Bunu çox kiçik yaşlı uşaqlarda (2-3 yaş arası) oyun və əyləncə halına gətirməklə tez-tez təkrarlatdırın.
Kiçik yaş qrupundan olan və cinsi zorakılığa məruz qalan uşaqlarla psixoloq söhbəti əsasında aydın olmuşdur ki, əslində uşaqların susma və heç kimə heç bir şey deməmə səbəblərindən biri də qorxu və utanmaqla yanaşı həm də ata-ana hərəkətləri ilə caninin hərəkətlərinin eyniləşdirilməsidir. Yəni azyaşlı uşaqların bir qismindən nə üçün səslərini çıxarmadıqları soruşulduqda uşaqlar təxminən belə cavablar verirdilər. “Anam da mən səhv edəndə elə qışqırır, o (zorakılığı törədən şəxs) da eyni anam kimi qışqırırdı” və ya “Atam da hirslənəndə elə baxır və sonra məni döyür, döyməsin deyə nə etdiyini bilməsəm də susdum”.
Bütün qeyd edilənləri nəzərə alaraq uşaqlarımızla aramızdakı ünsiyyətə maksimum diqqət yetirməli, onları görməzdən, eşitməzdən gəlməməliyik.
Uşaqlar öz dəyərinin fərqində olmalıdırlar, bu dəyəri isə onlarda formalaşdırmaq biz valideynlərin vəzifəsidir. Ən mühümü isə onlarla yalnış rəftarlarımıza “biz də belə böyüdülmüşük, heç bir problem olmayıb, gül kimi insanlarıq” deyərək haqq qazandırmamalıyıq.