15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.
Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür.
Ailə - nigah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır.Nigah ailənin hüquqi əsasıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan müqavilədir.
Təəssüf ki, son dövrlərdə dünyada yayılmış boşanma trendinə ölkəmizdə qoşulub, qurulan ailələrin çoxu hələ evliliyin ilk illərində dağılır və nəticədə isə ailə üzvləri də, uşaqlar da travma alır.
Əbu Turxan deyir ki, Kişi də, qadın da tək qanadla yaranır. Pərvazlanıb uçmaq üçün qanadların qoşalaşması lazımdır. Bəs görəsən nə qədər sayda ailələrdə bu detala önəm verilir?
Məncə son dövrlərdə boşanmaların sayının artmasının ən əsas səbəblərindən biri də ailədə fərdlərin hegemonluq üzərində yaratdığı söz söhbətlərdir. Və yenə də təəssüf ki, bu söhbətlər təkcə ər-arvad arasında qalmır, valideynlər də daxil olmaqla bütün ikinci dərəcəli şəxslər bu söhbətlərə qoşulur və beləliklə də, mövzu get-gedə qabardılır.
Əksər digər hallarda isə qadından öz şəxsiyyətini unutmaq, tamamilə həyat yoldaşının quluna çevrilmək tələb olunur. Qeyd edim ki, hətta bu kimi hallarda belə boşanmanın qarşısını almaq mümkün olmur. Bəzi qadınlar evlilik zamanı yalnız yoldaşlarının maraqları ilə yaşayırlar: özlərini unudur, ikinci plana çəkirlər. Bu nəinki qadını, hətta bütün ailəni ucuruma apara bilər. Çünki, hər bir insanın uzun müddət səbirli, dözümlü, hövsələli olması sonda əsəbliliklə, psixolojı travmalarla nəticələnir. Ailə qurbangah deyil! Hər bir ailə üzvü şəxsiyyətdir, hər birinin maraqları, məqsədləri olmalıdır.
Yadda saxlamaq lazımdır ki, yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir.
Unutmayaq ki, evlənmək çətin deyil, evli olmaq çətindir. Buna görə də ailə qurmamışdan əvvəl sizi gözləyən bütün ehtimalları qiymətləndirmək və dəyərləndirmək, hətta mümkün olduğu halda qarşılıqlı müzakirə etmək vacib şərtdir.
Necə ki, evlənmək asan və sadədir, eləcə də boşanmaq problemsiz və rahatdır. Bütün problemlər boşanmadan sonrakı mərhələlərdə meydana çıxır. Ona görə də yaxşı olardı ki, ailələr boşanmadan öncə ailə terapiyası ilə məşğul olan şəxslərə müraciət edə və lazımi dəstək ala bilsinlər. Xarici ölkə təcrübəsi deyir ki, bu proses əksərən müsbət sonluqla nəticələnir.
Vacib olan ailə qurmaq deyil, onu ayaqüstə, heç bir kənar faktorların təsirinə məruz qalmadan qoruyub saxlamaqdır. Güman edək ki, ölkəmizdə ailələrin dağılmasının qarşısının alınması istiqamətində aparılan bütün islahatlar, atılan addımlar öz bəhrəsini versin. Ailələr daha möhkəm və dayanıqlı olmaqla xüsusilə ailənin ən vacib özəyi olan uşaqların travma şəraitində böyümələrinin qarşısı alınsın.
Ailə gününüz mübarək.