Uşaq kaprizləri - aradan qaldırılması

                                Uşaq kaprizləri

Uşaqlar bizim gələcəyimizdir. Onların şəxsiyyət kimi formalaşması, ailəsinə və cəmiyyətə faydalı biri kimi inkişaf etməsi, məhz bizim onlarla qurduğumuz düzgün münasibətdən və tərbiyədən asılıdır.

Ailədə, cəmiyyətdə düzgün istiqamətdə yetişmiş bir uşaq böyüklər tərəfindən hər zaman təqdir olunur və böyüklərin sevimlisinə çevrilir. Bəzi hallar da da nümunəvi biri kimi dəyərləndirilir.

Bunu da qeyd etməliyik ki, ailələrimizdə, cəmiyyətimizdə davranış pozuntusu, kaprizləri olan uşaqlar da az deyildir. Biz böyüklər isə onların bu davranışlarının yaranma səbəblərini bilmədən, onlarla düzgün davranış üslubu qurmadan, onlara mənfi münasibət göstərib, davranışlarını qınaq obyektinə çeviririk.

Məşhur dramaturq və İrlandiyalı yazıçı Oscar Wilde deyir: "Yaxşı uşaqlar yetişdirməyin ən yaxşı yolu onları xoşbəxt etməkdir."Bəs bu uşaqların hər istəyinə boyun əyməkmi anlamına gəlir? Nə olursa olsun onları hər baş verəcək travmadan qorumaqmı gərək?” Xeyr. Bunu etmək xoşbəxt olmalarından daha çox onlarda kapriz yaradacaqdır.

Uşağın hər istədiyini yerinə yetirmək və davranışlarına sərhəd qoymamaq nə qədər düzgündür sualına çox zaman fərqli cavablar alırıq.

Xüsusilə, öz uşaqlıqlarını maddi sıxıntı, psixoloji və sosial təzyiq altında keçirən valideynlər “Mən çox sıxıntılar gördüm, uşaqlarım sıxıntı çəkməsin, sərbəst böyüsün .” kimi sözlər deyib uşaqlarının hər istədiyini yerinə yetirərlər; davranışlarına sərhəd qoymazlar. Belə olduqda düşünürlər ki, hər ehtiyacı qarşılanan uşaq xoşbəxt olacaqdır. Amma gözlədiklərinin tam əksiylə qarşılaşırlar.

Belə ki, uşaqlarının gözlərinin doymadıqlarını, əilndəkilərin qiymətini bilmədiklərini, söz eşitməyən, məsuliyyətsiz olduqlarını və ətrafdakı insalara hörmət qoymadıqlarını şahidi olurlar. Zamanla bu münasibəti özlərinə qarşı da hiss edirlər. Bu zaman da “onlardan heç bir şey əksik etmədim, yemədim yedizdirdim, geymədim geyindirdim, onlara hər hansı bir fiziki şiddət belə göstərmədim, niyə belə oldu?”- kimi sualla qarşı-qarşıya qalırlar. Ancaq bu kimi halların nədən qaynaqladığına diqqət etmirlər. Uşaqlarda bu kimi davranış pozuntularına zəmin yaradan, zamanında korreksiya edilməmiş uşaqlıq kaprizləridir.

Uşaqlıq kaprizləri nələrdir?

 

Özünüxidmət vərdişləri və sosial bacarıqlarda olan tərbiyə qüsurudur. Hər bir uşaq fərqli olduğu üçün uşaqlıq kaprizləri də fərqli təzahür edir. Bəzisi ağlayaraq, qışqıraraq bir sözlə isterik(nümayişkaranə) davranış sərgiləyərək; bəziləri yemə-içmədən imtina edərək; bəziləri gün boyu ətrafdakı hadisələrə etinasız yanaşaraq; bəziləri isə əksinə ətrafda olan hadisələrə kəskin reaksiya göstərərək, oyuncaqları tullayaraq, digər əşyalara zərər yetirərək uşaqlıq kaprizlərini nümayiş etdirirlər.

Bununla əlaqədar olaraq uşaqlarda kaprizlərin yaranma səbəblərinin bir qismini aşağədakı kimi qeyd edə bilərik:

1)    Ailədaxili münasibətlərdə tərbiyə sisteminin düzgün qurulmaması;

2)    Valideynlərinin uşağa qarşı qoyduğu tələblərlə bağlı olan intiqam almaq istəyi;

3)    Diqqət çəkmək;

4)    Bir növ özünü xatırlatmaq;

5)    İstəyini həyata keçirmək və.s.

 

 

Bəs bu kaprizləri necə aradan qaldıra bilərik?

 

1)    Uşağın kapriz və isterik(nümayişkaranə) davranışını hiss etdiyimiz zaman ona uyğun davranış sərgiləyərək, həmin an müdaxilə etməməliyik;

2)    Uşaq kapriz edib, diqqət çəkməyə çalışdığı zaman görmə təmasından uzaq olmaqlıyıq;

3)    Sakit davranışı kaprizdən ayırmalıyıq;

4)    Davranışlarımızda və hərəkətlərimizdə əsaslı olmaqlıyıq.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!