Piter Pen sindromu böyüməkdən qorxan uşaqlarda və yetkin olduğu halda sosial baxımdan özünü uşaq kimi aparan insanlarda rast gəlinən davranış pozuntusudur. Adı məşhur “Peter Pan” romanından götürülüb. Roman “Bütün uşaqlar gec və ya tez böyüyür. Birindən başqa..” cümləsi ilə başlayır. Burada söhbət həmişə 12 yaşında olan Piter Pendən gedir. O valideynləri olmadığı üçün valideyn qayğısından uzaqdır, hindilər, pərilər, su pəriləri, quldurların olduğu nağıllar adasında yaşayır və hər günü təhlükəli macəralarla ötüşür. Sindrom ən çox yetkin yaşda, insanın sosial vəzifələri yarandıqdan sonra müşahidə olunur. Termini psixologiyaya Den Keyli adlı psixoanalitik gətirib və o qeyd edir ki, bu pozuntu uşaqlıqda ana uşağa çox təzyiq göstərdikdə və ailədə ata dominantlıq təşkil etmədikdə yarana bilər. Bu daha çox oğlan uşaqlarında rast gəlinir. Sindrom bir neçə mərhələyə ayrılır:
10-16 yaş – uşaq böyüməkdən qorxduğuna görə dünya ilə əlaqəsini kəsməyə başlayır. Öz vəzifələrindən qaçır və tək qalmağa çalışır. Onda məsuliyyətsizlik, narahat xarakter, tənhalıq kimi keyfiyyətlər yaranır.
17-22 yaş – bu yaşda gəncdə özünübəyənmə, sərtlik və maçoluq müşahidə olunur.
23-25 yaş – özlərini xoşbəxt hiss etmirlər və həyatdan narazı olurlar.
26-30 yaş – sindrom irəliləyir və vəziyyət daha da dərinləşir.
31-45 yaş - bu yaşda insanın daimi işi, ailəsi, övladları olsa da, onda daimi ümidsizlik müşahidə olunur və bu, onun həyatını monoton və darıxdırıcı edir.
45 yaşdan sonra yetkin insan yenidən uşaq olmağa çalışır və istəmədiyi həyat tərzindən uzaqlaşmağa başlayır. Depressiya kəskinləşir. Bəzi hallarda həyatın anlamını da itirirlər. Gəncliyini qaytarmaq naminə ailəsini ataraq cavan qadınlarda təsəlli tapmağa çalışırlar.
Piter Pen sindromu əsaslı bir narahatlıq olsa da, xəstəlik hesab olunmur.