Previous Next

Uşaqlarda özgüvən problemləri, səbəbləri və aradan qaldırmağın yolları

Xüsusi karantin rejimindən istifadə edərək, evdə özünüz də uşaqlarınızın özgüvənini test edə bilərsiniz. Sual yaranır ki, necə edək? Nələrdən özgüvəninin yüksək,  yaxud da, aşağı səviyyədə olmağını bilmək olar? Elə isə biz deyək, sizlər isə edin.

Uşağınızda özgüvən əskikliyi hiss edirsinizsə, burada ən önəmli məsələ valideyn olaraq ilk öncə özünüzə baxmaqdır. Ananın özgüvəni nə qədərdir? Övladından gözləntisi nədir? Atanın özgüvəni nə qədərdir? Övladının özgüvənini də onunla ölçür, yoxsa fərqli gözləntiləri varmı? Bunu dəqiqləşdirdikdən sonra, uşaqlarda özgüvən əksikliyini nələrdən təsbit etmək olar, onlardan danışaq.

Özünüqiymətləndirmənin aşağı olmasının əlamətləri nələrdir? Özünüqiymətləndirməsi aşağı olan bir uşaq necə davranır?

Ø Hər hansı bir qərar vermək və ya hərəkət etmək cəsarəti olmaz, uğursuz olacağam qorxusu həmişə üstünlük təşkil edər;

Ø Tez-tez yalan danışar, hər iki sözdən bir and içər;

Ø Başqalarının fikirlərindən qorxar, öz fikirlərini söyləməkdən və ya müdafiə etməkdən çəkinər, qarşı tərəfdən etiraz görəndə dərhal geri addım atar;

Ø Başqalarını təqlid edər, öz xarakterini əks etdirməkdən çəkinər;

Ø Başqalarının daha yaxşı və daha uğurlu olduğunu düşünər;

Ø Cəmiyyət içində, sosial ortamlarda olmaqdan, orada çıxış etməkdən qaçar.

Ø Hər hansı bir işə başlayanda başqalarının dəstəyini almaq istəyir. Başqalarının fikirlərini, məsləhətlərini almadan qərar verməz və hərəkətə keçməz;

Ø Oyun oynayarkən oyunda aparıcı rol oynamaqdansa daha bəsit yolla, yəni oyunda arxa planda olmağı seçər;

Ø Mümkün qədər gözlə təmasdan çəkinər. İnsanlarla söhbət edərkən tez-tez gözlərini qaçırar.

Bu kimi göstəriciləri övladınızda müşahidə edirsinizsə, deməli, onlarda özgüvən səviyyəsi aşağıdır.

Özgüvən əskikliyi uşaqlarda əsasən 0-6 yaş aralığında başlayır və bəzən həyatı boyu davam edir. Bu səbəbdən, gündəlik həyatlarında kefsiz olur, məktəbə getmək belə istəmirlər.

Bəs özünüqiymətləndirmənin aşağı olmasının səbəbləri nələrdir?

v Uşaqlıq dövründə laqeydlik;

Uşaqlıq dövrü şəxsiyyətin inkişaf etdiyi və formalaşdığı illərdir. Uşaqların yaşadığı hər şey, hətta ağlımıza gəlməyən çox kiçik hadisələr belə onların şəxsiyyətlərində iz buraxır və gələcək illərdə öz təsirlərini göstərir. İstəklərini və düşüncələrini ifadə etməyə icazə verilməyən və ya məişət zorakılığının şahidi olan uşaqlar, sonrakı yaşlarında özgüvən problemləri yaşayırlar.

v Cinsi zorakılıq;

Uşaqlıq dövründə cinsi istismara məruz qalan uşaqlar yetkin yaşlarda özünə inam problemləri ilə qarşılaşırlar. Uşaq yaşadığı dəhşətli travmanın təsiri ilə bütün həyatı boyu özünü günahkar hiss edər və lazımi inamı toplaya bilməz. (Saytmızdan bununla bağlı geniş bir məqalə oxuya bilərsiz.)

v Xarici görünüş;

Xarici görünüş özgüvən qazanmaq üçün vacib amillərdən biridir. Vücuduna güvənən insan şəxsiyyətinə də etibar edir. Məsələn, artıq çəkili uşaqlar və böyüklər özgüvən qazanmaqda çətinlik çəkirlər. Düşünürlər ki, görünüşləri cəmiyyətdə yer almaq üçün bir maneə yaradır və bu əsaslada özünəqapalı olurlar. Cəmiyyətə daxil ola bilməməklərinin səbəblərindən biri, insanın özü ilə barışmaması və daima özünü digər insanların yerinə qoymaq, onlar kimi olmaq istəməsidir.

v Valideynlərin yüksək gözləntiləri;

Əlbətdə ki, hər bir valideyn övladının bacarıqlı olmasını istəyir. Ancaq valideynlər övladlarından daim uğur qazanmaqları üçün təzyiq göstərdiyi zaman uşaq özü ilə yarışa girir və özünə inamını itirir. (Ola bilər ki, siz keçmişdə hər hansı reallaşmayan bir arzunuzu onlara köçürməklə əldə etməyə çalışa bilərsiz.) Uşaq amansızlıqla cəzalandırılmamalı eyni ilə də uğur qazandıqda mükafatlandırılmamalıdır. Hər hansı bir uğur qazanmadığı zaman yanında olmamaq, onu tək qoymaq kimi amillər bir uşaqda özgüvənin aşağı olmasının ən vacib səbəblərindən biridir.

Hər bir valideyn, övladlarının xoşbəxt, özünə inamlı olmasını istəyir. Lakin, uşaqlara özünə inam aşılamaq həmişə asan olmamışdır. Uşaqlarınızı həyatı boyu həvəsləndirmək, kim olduqlarına və öz qabiliyyətlərinə inam aşılamağın bir çox yolları vardır. Gəlin bunlarla tanış olaq:

 

1.Özünə inam öyrətmək!                       

·        Uşağınızın gündəlik vəzifələrini və işlərini idarə etməkdən çəkinin. Uşaqlarda özünə inam onlara verilən dəstəkdən çox asılıdır. Ancaq, dəstək vermək, onların əvəzinə işləri görməli olduğunuz mənasına gəlmir. Siz uşaqların əvəzinə işləri gördükcə, onlar verilən tapşırıqları sərbəst necə yerinə yetirmək lazım olduğunu öyrənə bilməyəcəklər. Odur ki, verdiyiniz tapşırıqları ilk dəfə üçün uşaqlarınızla birlikdə edin. Onlara həmin işi necə görməli olduqlarını öyrədin!

·        Sizdən asılılıq yaratmadan nəzarət edə bilərsiniz.  Əlbəttə ki, uşaqlar istənilən tapşırığı icra edən zaman çətinlik yaşaya bilərlər. Onlara özünə inam aşılamaq üçün verbal (sözlü) və qeyri-verbal (sözsüz) ifadələrdən istifadə edin. Əgər, övladınız ev tapşırığı edərkən çətinlik çəkirsə, “Çətin olduğunu bilirəm, amma, bacaracağına da inanıram. Biraz da cəhd et!” deyin.

·        Qucaqlayın! Qeyri-verbal (sözsüz) olaraq uşağınıza inam aşılamaq istəyirsizsə, onu tez-tez qucaqlayın. Bu, onlara inam ötürməyə kömək olacaq.

2.Tənqid etməkdənsə, öyrədin

·         Özünə inamlı uşaq yetişdirmək onlara hər təcrübəni kəşf etməyə və öyrənmələrinə fürsət yaratmaq  deməkdir. Uşağınız yeni və ya artıq bilinən bir işi tamamlamağa çalışan zaman müəyyən səhvlər edə bilərlər. Bu təbiidir. Əsas olan səhvlərini kobud şəkildə onlara göstərmək deyil, problem həll etmə bacarıqlarını artırmaq üçün onlara suallar ünvanlamaqdır.  

·         Uşağınız oyuncaqla oynayan və ya yığışdıran, bəzi işlərdə sizə kömək edən zaman  çətinlik çəkdiyini görsəniz, “Sən bunu səhv edirsən” və ya “Bunu belə etməli deyilsən” kimi tənqidlərdən çəkinin. Bunun əvəzinə, “Nə etməyə çalışırsan?" kimi onların marağını artıran suallar verməyə başlayın; “Bunu necə etdiyimi görmək istərdinmi?” “Belə alınmır; bunu edə biləcəyin başqa bir yol varmı?”; və ya “Kömək etməyimi istəyirsən?” bu kimi suallar onları daha da həvəsləndirəcək və işləri sərbəst görməyə sövq edəcək.

·         Onlarda səbri və bacarma sevincini formalaşdırmaq üçün başdan sonra edib tamamlaya biləcəyi işlər, məsələn pazl yığmağı öyrədin. Bunu birlikdə də edə bilərsiniz.

     3.Uşağınıza özləri üçün iş görmələrinə icazə verin, fürsət yaradın

·         Fəaliyyətdən asılı olaraq, uşaqlar özləri üçün müəyyən işləri görməklə daha çox şey öyrənə bilərlər - sendviç düzəltmək, evdə heyvan varsa onları bəsləmək və ya süfrəni qurmaq, yığışdırmaq. Qarışıq olmasına və daha çox vaxt aparmasına baxmayaraq, bu kimi işlər onlarda özünəinam formalaşmasında böyük fayda verə bilər.

·         Səbr - bu işin açarıdır. Məsələn, bəlkə uşağınız öz stəkanına meyvə şirəsi və ya su tökmək istəyir. Böyük ehtimalla siz yerə tokülməsin deyə, bunu onun əvəzinə etmək istəyəcəksiz. Ancaq geri addım atın və qoyun öz suyunu tökməyi özü öyrənsin. Öyrətməyə çalışın. Əgər yerə tökülsə belə, dağılma halında nə edə biləcəyini onlara öyrədə bilərsiniz. Bu da, öz məsuliyyətini dərk etməsinə kömək edəcəkdir.

     4.Yaxşı davranışa diqqət yetirin

         Uşağınız yaxşı bir şey edərkən, ona  uyğun xoş sözlər deyin. Onları həvəsləndirin. Onları tərifləyin və xüsusi olduqlarını hiss etdirin. Çalışdıqları və çətin bir şeyi bacardıqları zaman onları tərifləyin. Məsələn, "sən yaxşı uşaqsan" təkcə bu cümləni istifadə etməyin. Bunun əvəzinə, “otağını belə gözəl yığışdırmağın çox xoşuma gəldi”, “Yaxşı təşkilatçılıq bacarığınız var”, “Bu iş səndə alınır”  və s kimi gözəl sözlər söyləyin. Əmin ola bilərsiniz ki, belə sözləri siz valideynlərdən eşitmək, onları çox sevindirəcək.

 

Özgüvən problemi olan uşaqların özlərini motivasiya etmək üçün istifadə edə biləcəkləri ifadələr:

“Özümü hər cəhətdən bacarıqlı hiss edirəm, mən güclüyəm!”

“Bacarıqlarıma yönəlirəm.”

“Getdiyim hər yerdə rahatam və özümə olduqca əminəm.”

“Başqalarının dəstəyinə ehtiyac duymuram. Çünki mən bir fərdəm!”

“Dik gəzirəm, özünə inamlı və güclü addımlar atıram."

"Mən özümü sevirəm, özümü olduğum kimi qəbul edirəm."

Unutmayaq həyatda uğur qazanmağın ən vacib sirri əvvəlcə özümüzə güvənməkdir.

     "Ümidli Gələcək" STİB-nin Psixoloqu Aynur Məmmədova , Xoşqədəm Quliyeva                                                                  Sosial işçisi Fərid Dünyamalıyev

            Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur

 

 

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!