Previous Next

MÜHARİBƏNİN UŞAQLARA TƏSİRİ...

 

İnsan həyatına olan təhlükələr, təhdidlər görünən yaralarla yanaşı bizim görə bilmədiyimiz izlər də buraxır. Görünməz yaralar adlandırdığımız bu travmatik hal böyüklərdən savayı cəmiyyətimizin ən həssas təbəqəsi olan uşaqlarda da özünü birüzə verir. Bu kimi təsirlər uşaqlarda günlük rejimin pozulmasına, məsələn qida, yuxu, və s. gətirib çıxarır. Düzdür, valideyn olaraq,  birimiz də bu travmalara məruz qalmağımıza baxmayaraq uşaqlarımız üçün özümüzü güclü tutmağa çalışırıq. Əgər övladlarımızın psixoloji sağlamlığını istəyiriksə, o zaman ilk yardıma özümüzdən başlamalıyıq. Bunu bacarsaq, balaca ürəklərində böyük duyğuları daşıyan uşaqlarımıza lazımi köməyi göstərə bilərik. Bunun üçün ilk öncə onların keçirdiyi hisslərə, davranışlarına fikir verməli, yaxşı müşahidəçi olmalıyıq.

UŞAQLARIN REAKSİYALARINI ANLAMAQ:

Böyüklər kimi, onlar da müharibə və onun fəsadlarından əziyyət çəkirlər. Valideynlərini, yaxınlarını itirən, onların yaralanmasına, gözü qarşısında ölmələrinə şahid olan, evlərindən ayrı düşməyə məcbur buraxılan uşaqlar.... Təbii ki, bu qədər agır hallar onlardan təsirsiz ötüşmür.

İlk öncə qəbl etməliyik ki, bu qədər qorxulu və acı bir hadisədən sonra uşaqların keçirdikləri stress və göstərdikləri problem davranış reaksiyaları təbii və normaldır.  Bu zaman uşağın həqiqətən yaşadığı və ya şahidi olduğu hadisələri, uşağın başqalarından və ya TV/radiodan eşitdiyi və uşağın qorxu ilə gözlədiyi hadisələri ayırmağa çalışın. Ola bilsin hər bir uşağın hadisələrə göstərdiyi reaksiyalar oxşar və ya eyni olsun. Ancaq ona kömək etmək üçün uşağın hansı hissləri keçirdiyini, nələrin təsiri altında qaldığını bilmək vacibdir.

Uşaqların müharibə və onun təsirlərinə qarşı göstərdikləri reaksiyaları anlamaq üçün 3 məqamı bilmək lazımdır.:

1.    Uşağın məruz qaldığı təsirlərin növlərini aydınlaşdırmaq

2.    Onun bu baş verənlərə olan münasibətini müşahidə etmək

3.    Müharibə hansı anının uşaqlar tərəfindən daha çox gərgin və çətin qəbul etdiyini müəyyən etmək.

Müharibə dövründə əksər uşaqlar çoxsaylı stresli hadisələr yaşayırlar. Valideynlər və müəllimlər bu hadisələrin nə olduğunu və ya bir uşağın onlar tərəfindən nə dərəcə güclü stress yaşayacağını və ya hansı davranışı sərgiləyəcəyini bilə bilməzlər. Lakin onlara lazım olan köməyi göstərmək üçün,  uşaqların yaşadıqlarına, hiss etdiklərinə diqqət yetirmək və aydınlaşdırmaq olduqca vacibdir.

Yetkin insalardan fərqli olaraq uşaqların keçirdikləri sıxıntılarının səbəblərini anlamaq daha asandır. Uşaqlar cavablarında daha birbaşa və aydın  olurlar. Problem davranışın nə zaman başladığına diqqət yetirərək, narahatlığın, stressin  mənbəyini öyrənə bilərsiniz. Yuxarı yaşlı uşaqlar onları narahat edənləri dilə gətirə bilər və hiss etdiklərini inandıqları, etibar etdikləri insanla asanlıqla bölüşə bilərlər.  Kiçik yaşlı uşaqlarda isə valideyn və ya müəllimin onlarda baş verən  narahatlığın səbəbini tapmaq üçün oyun və ya hekayə kimi fəaliyyətlərdən istifadə etməsi məsləhət görülə bilər.

5 yaşınadək uşaqlar həyatlarındakı stresli hadisələrə bağlama davranışı və ayrılma qorxusu ilə reaksiya verirlər. Bu yaşdakı uşaqlar ölüm anlayışını başa düşmürlər və onu ayrılıqla bərabərləşdirirlər. Onlar ölən insanın geri dönəcəyini düşünə və gözləyə bilərlər. Valideynini itirənlərdə digər valideynin və ya yaxın ailə üzvlərini də itirmə qorxusunun formalaşma ehtimalı yüksəkdir.

Bu kimi halları nəzərə alaraq, müharibənin uşaqlarda qoyduğu mənfi izləri müxtəlif yaş kateqoriyalarına görə qruplaşdıra bilərik.

ÇAĞA və KÖRPƏLƏR problemli halları hiss edərək, aşağıdakı kimi davranışlar sərgiləyə bilirlər:

o  Hər hansı bir şeyə cavab verməmək/stimullara maraq göstərməmək;

o  Hadisələrə qarşı “Donmuş izləmələr”;

o  Şıltaq gülüşün və “qığıldamaq” davranışının itməsi;

o  Qida qəbulu bacarıqlarının itməsi;

o  Göz kontaktından çəkinmək;

o  Gün ərzində daha çox narahat olması və çətinliklə sakitləşməsi;

o  Oturmaq, iməkləmək və gəzmək kimi fiziki bacarıqlarının geriləməsi;

Məktəbəqədər yaşlı uşaqlardan (2-5 yaş) ibtidai sinif şagirdlərinə qədər (6-11 yaş)

§  İnkişafda irəliləyişin olmaması (yaşa uyğun inkişafda geriləmələr);

§  Gündüz və gecə vaxtı yuxu problemləri (məsələn, yatmaqdan qaçmaq, oyanmaq və ya kabuslar);

§  Aşırı qorxu, insanlara və ya əşyalara qarşı aqressiya, valideynlərin sözünə qulaq asmaqda çətinlik;

§  Yeni qorxuların yaranması (məsələn, qaranlıq, heyvan və s. qorxmaq);

§  Bədbin fikirlər: «Mən pis uşaq idim, ona görə atam öldü»

§  Fizioloji ağrılar (mədə ağrısı, baş ağrılar…)

§  Qida rejiminin pozulması.

Yeniyetməlik (12-14 yaş) və Gənclik yaşlarında (15-18 yaş);

·     Hissləri ilə bağlı narahatlıq (intiqam hissi kimi);

·     Hadisəni təkrarən müzakirə etmək və baş verənlərin konkret detallarına diqqət yetirmək;

·     İmpulsivlik və riskli davranışın artması;

·      Psixo-aktiv maddələrdən sui-istifadə riskinin artması;

·     Emosiyaların öhdəsindən gəlməkdə çətinlik;

·     Yaşa uyğun olmayan qeyri-münasib cinsəl davranış;

·     Qida qəbulu ilə bağlı problemlər;

·     Özünü xəsarət yetirmə, intihar cəhdi;

·     Aqressivlik.

Yuxarıdakı hallarla qarşılaşdığımız zaman övladlarımıza necə dəstək ola bilərik?

·     İlk növbədə anlayış göstərməliyik;

·     Harasa getdiyimiz zaman qayıdacağımızı və ən əsası “nə vaxt” qayıdacağımızı deməliyik;

·     Narahatverici görüntülərdən uzaq tutmalıyıq;

·     Uşaqlara yalan danışmamalıyıq;

·     Uşaqların qorxuları bizə məntiqli gəlməsə belə onları kiçiltməməliyik;

·     Düzgün gün rejimini təmin etməliyik;

·     Zorakı hadisə  barədə düşünməməyi deməkdən çəkinməliyik;

·     Əvəzində onları dinləməli, həm də birlikdə asudə vaxtımızı maraqlı təşkil etməyə yönəlməliyik (hekayə oxuya, birlikdə maraqlı oyunlar oynaya və s. bilərik);

·     Digər uşaqlarla oyun oynamaqlarına təşviq etməliyik;

·     Sonda isə uşaqlar nəyəsə nail olduqda onları tərifləyə və ruhlandıra bilərik;

·     Uşaqların qayğısına qalan şəxslərin öz qayğılarına da qalması əhəmiyyətlidir.

Hər insan həyatının müəyyən dövründə çətinliklərlə üzləşir. Müharibə isə bu çətinliklərin ən ağır nümunələrindən biridir. Gəlin, bu çətin və gərgin  günlərdə emosional vəziyyətimizin qayğısına qalıb, bir-birimizə dəstək olaq. Bununla da gələcəyimizin təminatçısı olan övladlarımıza nikbin əhval-ruhiyyə ötürə bilərik.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!