Previous Next

Ümidli Gələcəyin Carçıları- Sosial İşçilər

 “Bu dünyada həqiqi barışığı öyrədəcəksə və müharibəyə qarşı həqiqi bir mübarizə aparacayıqsa, əvvəlcə uşaqlardan başlamalıyıq”.- Mahatma Qandi

 

Dünyada baş verən ən amansız fəlakətlərdən biri də müharibədir. Hesabsız sayda itkilərə, ölümlərə, dağıntılara səbəb olan müharibə heç bir tərəfdən (məğlub və ya qalib) istər iqtisadi, istər sosial cəhətdən zərərsiz ötüşmür.

Müharibənin amansız fəsadları ölkəmizdən də yan keçməmişdir. Əsrlərdir bədnam qonşularımızın ölkəmizə qarşı haqsız müharibəsi, əsilsiz ərazi iddiaları nəticəsində həm hərbi, həm də siyasi arenada güclü toqquşmalar baş vermiş, müharibə bir neçə cəbhədə davam etmiş, münaqişə ocaqları meydana gəlmişdir. Bu hadisələr böyüklərlə yanaşı, uşaq və yeniyetmələrin inkişafına, psixi və sosial vəziyyətinə və gələcək şəxsiyyətinin formalaşmasına da mənfi dərəcədə təsir edir.

Hal-hazırda mövcud vəziyyətimiz ilə bağlı, müharibədən və düşmən bombardmanından birbaşa və dolayı yolla zərər çəkən əsas təbəqə uşaq və yeniyetmələrdir. Uşaq qatillərinin həyata keçirdiyi terror və soyqırım hadisələrində, həmçinin, Qarabağ müharibəsində günahsız körpələrin ölüm göstəriciləri olduqca yüksəkdir. Xüsusilə, sərhəd bölgəsində və partlayış olan ərazilərdə yaşayan uşaqlar daimi olaraq güllə səslərinin və növbəti terrorun qorxusu altında yaşayırlar. Bu dəhşətli proseslər onların psixikasında, daxili dünyasında dərin iz buraxır, depressiyaya yol açır, sağlamlıqlarına ciddi şəkildə təsir edir.

 

Hər bir yetkin şəxs kimi uşaqların da üzləşdiyi problemlər, tələbat və istəklər, həmçinin, yerinə yetirilməsi vacib olan hüquqları vardır. Bütün uşaqların təxirəsalınmaz fiziki, sosial, emosional və təhlükəsiz yaşamaq tələbatları mövcuddur. Əgər gündəlik şəraitlə müharibə və üstəlik pandemiya şəraitini təhlil etsək görə bilərik ki, arada həll olunması vacib olan, yarım qalmış tələbatların təmin olunması üçün zəruri addımlara ehtiyac vardır. Fiziki tələbatlar, yəni məskunlaşma, sağlamlıq və.s müharibə şəraitində insanların, xüsusilə uşaqların ödəyə bilmədiyi tələbatlarıdır. Evlərinin dağıdılması, gülləboran olması və yararsız hala gəlməsi, sağlamlıqlarının məhdudlaşdırılması nəticəsindəuşaqların ən böyük hüquqları tapdalanır. Təhlükəli durumlara məruz qalmaq, valideynlərinin ölümü və əlilliyi, müharibənin yaratdığı zorakılıq hallarının artması, onların təhlükəsizlik tələbatlarına və hüquqlarına ağır zərbə vurur. Müharibənin səbəb olduğu dağıntılar böyüklər arasında da xaos və qorxu yaratdığından bu birbaşa uşağa emosional təsir edir və psixoloji gərginlik yaradır. Emosional və ya psixoloji tələbatların pozulması depressiya, hallüsinasiyalar görmək, yuxunun pozulması, qorxu hissi, panik atak, tənhalıq hissi, donuqluq halı, sarsıdıcı hadisənin daim təkrarlanması qorxusu, “sağ qalmaqla bağlı” günahkarlıq hissi, aqressivlik və hədsiz emosionallığa səbəb olur. Valideynsiz qalmaq onları vaxtından əvvəl böyüdür, üzərlərinə böyük məsuliyyət salır, taleləri ilə barışmağa məcbur qalırlar. Sosial tələbatlar dedikdə isə uşaqların yaşayış-keçim şəraitinin dəyişməsi, yaxınlarının ölümü və cəsədləri görməsi, ölüm hadisələri nəticəsində uşaqların gələcəklə bağlı planlarının pozulması, yaşadığı, dostları və çevrəsindən ayrı düşməsi, həmyaşıdları tərəfindən stiqmaya məruz qalma qorxusu, valideyn qayğısından məhrum olması, yeni mühitə uyğunlaşmaqda çətinlik çəkməsi, sosial xidmətlərə əlçatanlığın olmaması və digər amillər mövcuddur.

Uşaq Müdafiə Sisteminə nəzər yetirdikdə görə bilərik ki, uşaqların bir nömrəli hüquqları onların təhsil, səhiyyə və sosial müdafiə sistemi ilə əhatə olunmaqlarıdır. Sağlamlıqlarının mütəmadi yoxlanılması, təhsil problemlərinin həll olunması, ənənəvi və distant təhsilə əlçatanlıq, uşaqların inkişaf, iştirak, müdafiə hüquqlarının təmin olunması vacib məsələlərdir.

Mövcud çətin şəraitin aradan qaldırılması, zərərlərin minimuma endirilməsi, müharibədən əziyyət çəkmiş şəxslərə, həmçinin, uşaqlara, onların valideynlərinə dəstəyin göstərilməsində və baş vermiş hadisələrin gedişatının idarə edilməsində hərtərəfli yanaşma olduqca vacibdir. Çünki hazırki vəziyyətin həll olunması üçün problemə hər bir istiqamətdən yanaşmaq lazımdır. Bu şərəfli və vacib məsələnin həyata keçirilməsində əsas söz sahibi sosial işçilərdir.

Müharibə zamanı və müharibədən sonrakı mərhələdə zərərçəkmişlərlə sosial işin aparılması bir neçə mərhələdən keçir. İlkin mərhələdə sosial işçi hazırki durum və problem ilə tanış olur, uşağı və onun valideynlərini yüksək həssaslıqla dinləyir və problemi onların dilindən eşidir. Bunun üçün sosial işçi öz peşə bacarıq və qabiliyyətlərindən peşəkar formada istifadə edir. Sosial işçi zərərçəkmişləri aktiv şəkildə dinləməli, sualları məsuliyyətlə tərtib etməli və aktiv şəkildə cavablandırmalı, ailənin gözləntilərinə qarşı maksimum diqqətli olmalı, hazırki ehtiyaclarını qiymətləndirməlidir. Qiymətləndirmə mərhələsində sosial işçi hansı xidmətlərə uşaqların və ailənin ehtiyacları varsa müəyyənləşdirir, müvafiq dövlət və beynəlxalq qurumlar və digər təşkilatlarla əlaqələr qurur, əməkdaşlıq edir və problemin həll olunması üçün mövcud olan bütün ehtiyatlardan səmərəli şəkildə istifadə edir.

 

Müharibə şəraitində ailələrə və uşaqlara yardım zamanı sosial işçilərin həyata keçirməli olduğu mühüm vəzifələr vardır. Bu vəzifələr uşaqların və onların ailələrinin keçmişlə bağlı olan emosional gərginliklərini və gələcəklə bağlı qayğılarını anlamaq, müsbət nəticəyə nail olmaq üçün istifadə edilən bacarıqlardır. Uşaq və ailə ilə ilkin emosional bağın qurulması, problemin baş verdiyi anda zəruri dəstəyin göstərilməsi və şəraitin yaxşılaşdırılması üçün bütün güclərini birləşdirmiş komandanın (psixoloq ilə iş) işinin təşkil edilməsində sosial işçi ön plana keçir. Uşaqlarla empatiya hissinin qurulması, onların sıxıntılarını sərbəst və maneəsiz ifadə etmələri üçün sosial işçi isti mühiti böyük məharətlə yaradır. Digər dəstəklərin (tibbi, psixoloji, hüquqi və s.) göstərilməsi üçün, dövlət orqanları ilə ailə (uşaq və ailə) arasında körpünün qurulması üçün sosial işçilərə hədsiz dərəcədə ehtiyac vardır. Çünki, zərərçəkmiş insanların həyata olan ümidlərinin yenidən canlanması, işıqlı gələcəyə inamlarının artması, yeni həyata rahat şəkildə uyğunlaşmaları üçün sosial işçilər vəzifələrini icra etməlidirlər. Müharibənin amansız fiziki təsirlərindən xilas olmuş, valideynlərini itirmiş və ya hazırki durumda köməyə ehtiyacı olan uşaqların yeni mühitə və həyata uyğunlaşmaları üçün sosial işçilər psixoloqlarla bərabər komanda işini həyata keçirərək ilk olaraq o uşaqların gələcəyə böyük ümidlərlə hazırlanmasında, travmalarının azaldılması və cəmiyyət tərəfindən bu uşaqların qəbul edilməsində öz rollarını yerinə yetirirlər. Həmçinin sosial işçilər bu uşaqlara qarşı humanist düşüncələrin meydana gəlməsi üçün cəmiyyətdə maarifləndirmə işlərini durmadan həyata keçirirlər. Bunun üçün gözlənilən bütün nəticələrin təsiri haqqında cəmiyyəti və qurumları məlumatlandırmaq ve insanların bu kimi hallara hazırlıq səviyyəsini artırmaq lazımdır.

Müharibənin təsirlərinə məruz qalmış ən həssas təbəqə olan uşaqlarla iş zamanı sosial işçi maksimum diqqətli olmalı və problemə, uşağın daxili dünyasına, gedişata həssaslıqla yanaşmalıdır, emosional hallarda sükut vəziyyətinə şərait yaratmalı, zamanında onu pozmalıdır, uşağı müsbətə kökləməli, sadə suallar verməklə ətraflı cavab almalıdır. Ən həssas və diqqət yetirilməli olan məqamlar isə yalnız uşağın icazəsi ilə ona toxunmaq, uşaqda günahkarlıq, depressiya, intihara və digər suisidal davranışlara və meyillərə aludə olmamağı izah etmək və yayındırmaq, real olmayan sözlər verməmək, bundan sonra onlara hansı formada kömək edəcəyimizi səmimi dildə izah etməkdir.

Nəticə olaraq müharibə şəraitində sosial işçilərin varlığı zəruri və vacibdir. Komandaya sosial işçinin daxil edilməsi işin həllini bir çox cəhətdən asanlaşdırır və komanda arasında əlaqəni gücləndirir, eyni zamanda zərərçəkmişlərin problemlərinin sürətli və dəqiq şəkildə aşkarlanmasında komandaya əvəz edilməz töhfə verir. Sosial işçilər cəmiyyətin mənəvi həkimləridir. Kritik məqamlardan xilas edilmiş insanların sağlam cəmiyyətə, sağlam şəxsiyyət kimi daxil olmalarında sosial işçilərin rolu olduqca mühümdür. Cəmiyyətimizin gələcək ümid işıqları olan uşaqların problemsiz mühitdə yaşamaları, inkişaf etmələri və xoşbəxt olmaları üçün onların üzündəki məsum gülüşlərin daimi olmasına çalışmalıyıq. Gəlin, bu məsuliyyətli və şərəfli işdə birgə addımlayaq, çünki güc birlikdədir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!