Previous Next

Uşaqlarda Özünəqulluq Bacarıqları...

Uşaq böyüdükcə fiziki və zehni bacarıqları da artır. Bu nöqtədə ana tədricən uşağını öz ehtiyaclarını ödəməyə cəlb etməli və cəsarətləndirməlidir. Beləliklə, uşağının ayrı bir fərd olmaq səylərini dəstəkləyir. Uşaq ona qayğı göstərən valideynlərini təqlid edərək özünə qulluq bacarıqlarını öyrənir. Valideynlər bu mövzuda uşağa yetərincə fürsət verirlərsə, uşaq inkişaf dövrünə görə tədricən özünə qulluq etməyə başlayır. Bu səbəblə uşağın yemək, geyinmək və tualetə getmək səyləri dəstəklənməlidir. Uşağın özünə qulluq səylərinə dəstəyin olmaması və ananın ona köməklik göstərməsində məcbur etməsi bu bacarıqların inkişafına mane olur. Məktəbə başladıqdan sonra uşağın özünə qulluq bacarıqlarına görə yaşıdlarından geri qalması diqqəti cəlb etməyə başlayır. Geyinə, yemək yeyə və ya tualet ehtiyacını ödəyə bilməyən uşaq yaşıdları tərəfindən lağa qoyula bilər. Eyni zamanda özünü yetərsiz və bacarıqsız görməyə başlayar. Bu baxımdan, özünə qulluq bacarıqları  uşağın cəmiyyət tərəfindən qəbul edilməsi üçün lazımdır.

3 yaşından əvvəl uşaqlar ümumiyyətlə özlərinə qulluq bacarıqlarına görə analarından asılıdırlar. Bu müddətdə öz ehtiyaclarını tanımağı öyrənirlər və bu bacarıqların kiçik məşqlərini etməyə başlayırlar. 3 yaşından etibarən özlərinə qulluq bacarıqlarını valideynlərinin köməyi ilə edirlər. Bunlara aşağıdakıları misal gətirmək olar.

·        Çəngəl və qaşıqdan istifadə edərək yemək yeyə bilir;

·        Valideynlərinin dəstəyi ilə paltarlarını geyinə bilir;

·        Əllərini yuya bilirlər;

4 yaşlı uşaqlarda isə yuxarıda qeyd olunanlarla yanaşı digər özünəqulluq acarıqlarına yiyələnirlər.

o   Köməksiz yemək yeyə bilirlər;

o   Artıq tualet ehtiyaclarını özləri həll edə bilirlər;

o   Düyməsiz paltarlarını geyinir;

o   Oyuncaqlarını yığışdıra bilirlər;

5-6 yaşdan başlayaraq uşaqlarda isə aşağıdakı bacarıqlar özünü biruzə verir.

§  Tualet təmizliyini kömək olmadan edə bilirlər;

§  Köməksiz geyinir;

§  Düymələrini və ayaqqabılarını bağlayır;

§  Saçlarını darayıb, dişlərini fırçalaya bilirlər;

Unutmamalıyıq ki, tamamilə köməksiz geyinməyi öyrənməsi üçün vaxt lazımdır. Buna görə səbr etmək və göstərdikləri səylər üçün uşağı təbrik etmək vacibdir. Təxminən 6 yaşında olan uşaqlar düyməni necə açmağı, hətta ayaqqabı bağlarını bağlamağı öyrənmiş olurlar. Beləliklə, məktəb yaşlı bir uşaq bütün paltarlarını tək başına geyinə bilər. Ancaq unutmaq lazım deyil ki, bu nöqtədə hər uşağın inkişafı təkrarolunmazdır. Əzələ inkişafı və ya diqqət problemi olan uşaqlar soyunma qabiliyyətində öz yaşıdlarından geri qala bilərlər.

Balacalar da valideynləri kimi dişlərini fırçalamaq və sadə ev işlərində onlara kömək etmək istəyirlər. Onlara bunu etmək imkanının verilməsi uşağın gigiyena vərdişləri qazanması üçün ilk addımdır. Valideynlər qeyd olunan vərdişləri düzənli şəkildə yerinə yetirərək, uşağa nümunə göstərməli və şəxsi qayğılarına diqqət yetirməlidirlər. Bunlar aşağıdakılardır:

ü Əl-üz yuma;

ü Diş fırçalama;

ü Saç daramaq;

ü Çimmək və s.

Bu kimi vərdişlərdə müntəzəm fərdi təmizlik qaydaları yaradılmalıdır. Bununla birlikdə, təmizlik mövzusunda şişirdilmiş və məcburi münasibət uşaqda bəzi problemlərə səbəb ola bilər.

Valideynlərin əl yuma, diş fırçalama kimi şəxsi gigiyena vərdişlərini uşağa daim xatırlatması düzgün deyildir. Bu, uşağın valideynlərinə qarşı yetərsiz hiss etməsinə və onlara qarşı qəzəbli olmasına səbəb ola bilər. Bunun əvəzinə bu fəaliyyətlər mahnı, oyun və yumor vasitəsilə daha çox əyləncəli hala gətirilə bilər. Əl yuyulmasını uşaq üçün daha cəlbedici etmək üçün rəngli və əyləncəli fiqurlu sabunlardan istifadə edilə bilər. Çimməkdən zövq almaq üçün oyuncaqlar hamam vannasına qoyula bilər. Ayrıca, köpüklə oynamasına icazə vermək, onun yuyulmasından zövq almağa kömək edəcəkdir.

Yemək, qidalanma prosesinin uşaqlarda düzgün davranış şəklində təşkil olunmaması onlarda bir sıra problemlərin yaranmasına səbəb olur.

Ø Məcburi münasibət;

Ø Uşağı aldadaraq yemək yedirtmə;

Ø Televizor qarşısında qidalandırmaq;

Ø Təkbaşına yeməsinə icazə verməmək və s. kimi davranışlar;

Uşağın yeyəcəyi qidanın miqdarı və yemək seçimi ilə bağlı qərarına hörmət edilməli, bu prosesdə heç bir məcburiyyət olunmamalıdır. Uşağın yemək stolunu hazırlamaqda və yığmaqda valideynlərinə kömək etməsinə icazə verilməlidir.

Bir uşağın özbaşına edə biləcəyi bir fəaliyyəti onun əvəzinə etmək, onun bacarıqlarını kiçiltmək deməkdir. Uşaqlar, yalnız özləri tək fəaliyyəti gerçəkləşdirə bildikləri zaman özgüvənləri inkişaf edir. Buna görə də uşaqların özünə qulluq bacarıqları üzərində səyləri inkişaf etdirilməli və dəyərləndirilməlidir.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!