Previous Next

HEYVANLAR MƏNİM DOSTUMDUR...

Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Planetimizdə yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvanlar arasında ev və vəhşi heyvanlar, balıqlar, amfibilər, sürünənlər, quşlar, qurdlar, cücülər vardır. Heyvanlar hər yerdə - torpaqda, suda, havada yaşamağa uyğunlaşmışlar. Bir çox heyvanlar bitkilər - yarpaqlar arasında, güllərdə və ya ağacın gövdəsində yaşayır. Kiçik yaşlarından təbiətlə ünsiyyətdə olmaq uşaqların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Heyvan sevgisi ilə böyüyən uşaq cəmiyyətə daha rahat uyğunlaşır. Heyvanlarla doğru ünsiyyət qurulduğu təqdirdə bu, uşağın ünsiyyət qurma bacarığından tutmuş əxlaqi dəyərlərinin inkişafına qədər müsbət təsir göstərir. Heyvanlar uşaqların emosional, zehni və fiziki inkişafına yardım göstərir, zəif olduqları sahədə bacarıqlar əldə etməsinə kömək edir. Uşaqların heyvanlara olan məhəbbəti, heyvanlara baxmaqdan ötrü məsuliyyət hiss etməsi böyük önəm daşıyır.

 

Heyvanlar uşaqlarda özgüvənin formalaşmasına yardım edir:

Ev heyvanı bəsləyən uşağın psixoloji vəziyyəti daha yaxşı olur, onlar fiziki baxımdan da daha sağlam görünürlər. Heyvanla uşaqlar özünü daha az yalnız hiss edirlər. Uşaqlara heyvan baxımı mövzusunda bəzi işlər tapşırmaq, həmin işləri görməsi üçün ona şərait yaratmaq çox önəmlidir. Məsələn: pişik bəsləyən bir uşağın hər gün onu qidalandırması və qayğısına qalması gərəklidir. Pişik böyüdükcə, biz onun bədənin dəyişməsini müşahidə edirik. Heyvanalara qayğı göstərmək uşaqlarda özünü daha yetkin hiss etməsinə özgüvənin formalaşmasına ciddi təsir edir. 

 

Empatiya və Sosial bacarıqların inkişafı:

Uşaqlar heyvanlarla ünsiyyət qurur, onların kədərli və ya xoşbəxt olduğunu hiss edirlər. Beləliklə, onlar, dostlarının hisslərinə daha həssas olmağı öyrənir. Bir heyvanın qayğısına, baxımına görə məsuliyyət almaq məsuliyyət duyğusunu da inkişaf etdirir. Məsuliyyət götürən və yerinə yetirən uşağın özünə güvəni artır, özü ilə qürur duyur. Sosial zəkanın inkişafının təməlində dayanan əsas şərt empatiya ( özünü başqa insanın və ya canlının yerində hiss etmə ) bacarığıdır. Ev heyvanı bəsləyən uşaqda bu bacarıq gözəl şəkildə inkişaf etdirilə bilər.Heyvana empatiya, onların ehtiyaclarını anlamaq bacarığı, insanlara da empatiya ilə yanaşmağa böyük kömək edir. Məsələn: ev heyvanlarının ehtiyaclarının fərqində olub, onların baxımında aktiv iştirak edən uşaqlar daha diqqətli, vicdanlı, ətraf aləmə qarşı daha həssas olurlar. Ev heyvanı ilə vaxt keçirtmək uşağın sosial bacarıqlarını da inkişaf etdirir. Məslən evdə itlə böyüyən uşaqlar daha aktiv, digər yaşıdları ilə daha tez ünsiyyətə girmə bacarığına sahib olurlar.

 

Ailə üzvləri arasındakı münasibəti Gücləndirir:

Evdə ev heyvanlarının olması bəzən ailə üzvlərinin birlikdə daha çox vaxt keçirməsinə imkan verir. Bu da valideyinlər və uşaqlar arasında əlaqənin və ailə birliyinin güclənməsinə səbəb olur. Ev heyvanı övladlar arasında olan münasıbətə də müsbət təsir edir.       

 

Heyvan sevgisinin terapiya təsiri də vardır: Bəzi heyvanlar psixoloji problemlərin həllində, xüsusi qayğıya ehtiyacı olan uşaqlara terapiya məqsədilə istifadə edilir. Məsələn, Amerikada körpə itlə terapiya aparılır. Terapiya zamanı körpə it uşaqla, uşaqda körpə itlə oyun oynayır. Heyvan sevgisi içinə qapalı, dostu olmayan uşaqlar üçün də çox faydalıdır.

Heyvan dəstəkli terapiyalar ( Pet therapy ): 

1)  Atlarla terapiya

2)  Delfino terapiya

3)  İtlərlə terapiya

4)  Pişiklərlə terapiya və s.

İndi isə dünya təcrübəsində geniş istifadə olunan Delfino terapiya haqqında danışaq. Delfinlərin müalicə edici xüsusiyyəti uzun illər əvvəl məlum olmuşdur. 80-ci ilərdə ABŞ-ın Florida ştatında Doctor Nathonson delfinlər və uşaqlarla  işləməyə başladı. Kiçik Daun sindromlu uşaqla delfinlər arasında təmas yaratdı və qısa zaman sonra uşağın davranışında xeyli irəliləyişlərin olduğunu gördü. Həmin vaxtdan bu günə qədər delfinlərlə terapiya haqqında bir çox araşdırmalar aparılır. Delfino terapiya əsasən Daun Sindromu, Autizm, əqli gerilik, Psixi İnkişaf Ləngiməsi, USİ ( Uşaq Serebral İflici ) və digər sindromlarda da tətbiq olunur.

 

 

Heyvanları mikrob mənbəyi kimi görməyimiz:

 Adətən biz heyvanlarla təmas edən uşağın ağzına tük qaçmasından, mikrob yoluxmasından ehtiyat edirik, amma lazımi tədbirlər görüb, peyvəndləri edildikdə, yəni sağlamlıq şərtlərinə diqqət ediləndə uşaqlar və böyüklər üçün belə bir problem olmayacaq. Yəni uşağın ev heyvanın sağlamlığına diqqət etməsi, əmək verməsi onu daha çox sevməsinə dəyər verməsini təmin edəcəkdir. Ən önəmlisi sevməyi öyrənəcəkdir.

 

Əziz valideyinlər heyvan almadan öncə düşünməli olduğumuz məqamlarda var:

1)  Bunun üçün ilk olaraq uşağınızı yaxşı tanımalı, onun hərəkətlərini düzgün qiymətləndirməyi bacarmalısınız. Məsələn: əgər uşağınız evdəki oyuncaqlarından tez bezir, onlarla olan həvəsi və marağı tez keçirsə, ev heyvanına münasibətdə də bu baş verə bilər. Buna görə də uşağınızın ev heyvanı istəyinin hansı səviyyədə olduğunu anlamadan ona heyvan almayın.

2)  Əgər uşağınız heyvanlardan qorxusu varsa, bunu aşmağa çalışın. Yalnız heyvan qorxusunu dəf etdikdən sonra ona heyvan hədiyyə edə bilərsiniz.

3)  Uşağınıza heyvan almadan əvvəl ona bunun necə məsuliyyətli iş ilduğunu, heyvan oyuncaq olmadığını, onunla necə davranmaq gərəkdiyini izah edin.

4)  Evə heyvan almamışdan əvvəl özünüzün və uşağınızın nəyəsə allergiyası olub-olmadığını dəqiqləşdirin.

5)  Maddi vəziyyətinizin buna uyğun olub-olmağını müəyyənləşdirin. Çünki evdə heyvan saxlamaq da müəyyən məsrəflər tələb edir.

6)  Almaq istədiyiniz heyvanı saxlamağa şəraitiniz yoxdursa, o heyvanı almayın.

Unutmayaq ki, heyvanları sevməyən insanlar insanları da sevə bilməzlər. Bunun təməlləri uşaqlıqda qoyulur.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!