Previous Next

UŞAQLAR ŞİDDƏTİ NECƏ ÖYRƏNİR?

UŞAQLAR  ŞİDDƏTİ  NECƏ  ÖYRƏNİR?

 

Uşaqlar dünyaya gəldikləri ilk andan etibarən valideynlərinin himayəsindədirlər. Uşağın neçə yaşı olursa olsun, valideynlər bu himayəlik yanaşmasını davam etdirmək istəyirlər.

Xüsusilə uşağın digər uşaqlar ilə ünsiyyəti valideynlər üçün çox vacibdir. Övladının sosial cəhətdən qəbulu, dostlarının onun barədə düşüncələri, istənilən uşaq olub-olmaması və oyuncaqlarını paylaşıb-paylaşmaması kimi hallar uşaqlardan çox, valideynlər üçün əhəmiyyət kəsb edir. Bəzən elə hal olur ki, uşaqlar arasında kiçik bir konflikt, məsələn, oyuncağının əlindən alınması uşaqdan çox valideynlərinə daha çox təsir göstərir. Əslində, onlar hadisəni fərdiləşdirə və digər uşağa və ya ailəsinə şişirdilmiş  reaksiya verə bilərlər, çünki bu hərəkət uşaqlarına deyil, sanki şəxsən onlara edilmiş kimi təsir bağışlayır.

Uşaqlar dünyaya valideynlərinin gözü ilə baxdıqları, valideynlərini nümunə götürdükləri üçün problemlərini həll etmə vasitələrini də modelləşdirirlər, nümunə götürürlər. Bu vəziyyətin nəticəsi olaraq, valideynlər bilməyərək də olsa, uşaqlarına yanlış model olurlar.

Hər bir uşağın şəxsiyyəti, hadisələrə yanaşma tərzi, dost münasibətləri bir-birindən fərqlidir. Bunlardan asılı olaraq, problem həll etmə bacarıqları da bir-birlərindən fərqli olacaqdır. Bəzi uşaq üçün mənfi bir vəziyyətdə geri çəkilmə bir həlldir, bəzi uşaq üçün problemin üstünə gedib onu həll etmək. Bəzi uşaqlar problemlərini şiddət yolu ilə həll etməyə çalışırlar. Problem həll etmə bacarıqlarının əsasını öyrənilmiş davranışlar meydana gətirir. Bu öyrənilmiş davranışlar böyümə və inkişaf prosesində formalaşır. Burada valideynin rəhbərliyi, onların təsiri çox vacibdir.

Valideyn uşağına “kimsə səni vursa, sən də ona vur, heç kimə oyuncaq vermə” kimi məsləhətlər verirsə, əslində uşağını dost çevrəsindən uzaqlaşdırır.

Əlbəttə ki, uşağın təhlükəsizliyi vacibdir, hər hansı bir uşağın başqa bir uşaq tərəfindən döyülməsi, zədə yetirilməsi düzgün olmayan səhv bir davranışdır. Ancaq bu vəziyyət “səni vuranlara sən də vur” məntiqi ilə həll edilə bilməz.

Belə bir vəziyyətdə valideynlərin diqqət yetirməli olduğu bəzi məqamlar var.

• Zorakılıq öyrənilmiş bir davranışdır, zorakılığı görən və ya şiddətin şahidi olan uşaq zorakılığı göstərməyi öyrənir. Buna görə də, valideynlər arasındakı münasibətlər uşaqlar üçün doğru  model olmalıdır.

• Valideynləri tərəfindən döyülən və pis sözlər eşidən uşaq problemlərini bu şəkildə həll etməyi öyrənir. Çünki bu onun öyrəndiyi metoddur. Başqa bir həll yolu bilməyən uşaq da, problemi həll etmək üçün şiddətə əl atır.

• Daha sakit təbiətli bir uşağa davamlı olaraq “Utanma, biraz diri ol” deyən valideynlər uşağa bir ləqəb qoymuş, etiket vurmuş olur.  Əslində, uşağının bu cür davranmasına mane olmağa çalışan valideynlər, şüuraltı olaraq uşağa “Sən bacarıqsızsan” mesajını ötürmüş olurlar.

• Evdə uşaqlar ilə oynanılan boks, güləş tərzi oyunları, uşaqların digər uşaqlarla qurmağa çalışdıqları ünsiyyətə mənfi təsir göstərə bilər. Bu oyunda  əsas məqsəd qarşısında uşağa zərər vermək deyil, lakin, dostunu bu cür oyunlarla incitən uşaq böyüklər tərəfindən cəzalandırıldıqda, qəzəbi artır və növbəti dəfə uşaqları qəsdən incidir.

• Uşaqların televiziyada izlədiyi filmlər, seriallar və cizgi filmləri də zorakı davranışın formalaşmasında təsirli ola bilər. Bu səbəblə izlədikləri proqramlara nəzarət etmək olduqca vacibdir.

• Uşaqlarla doğru ünsiyyət onların inkişafı üçün çox vacibdir. Uşaq mənfi davranış göstərdiyi zaman xəbərdarlıq edildiyi kimi, müsbət davranış göstərdikdə müsbət rəy bildirməli və “Bu davranışın çox gözəl idi, məni çox sevindirdin" deyərək motivasiya edilməlidir.

• Özünü digər uşaqlardan qorumaq üçün uşağı karate kursuna göndərmək düzgün həll yolu deyil. Əslində bir müdafiə idman növü olan karateni səhv başa düşən uşaq bu idman növünü hücum məqsədilə istifadə edərkən özünə və digər uşaqlara da zərər verə bilər.

• Problemlərini həll etmək üçün uşağın bu vəziyyəti yaşaması lazımdır. Digər uşaqlarla bağlı hər hansı bir problem, valideynlərinin sürətli müdaxiləsi ilə həll edilirsə, bu zaman  uşaq daim valideynlərin dəstəyini istəyir və müstəqil ola bilmir.

Bir sözlə,

Uşaqların mənfi davranışını pozitiv hala gətirmək istəyən valideynlər onun üçün düzgün model olmalı, uşağın müsbət davranışını vurğulamalı, uşağın əvəzinə yaşadığı problemləri həll etməməli, uşağa məsləhət vermək əvəzinə, hekayələr danışmaqla, oyuncaqlarlarını oynatmaqla (kukla terapiyası), öz uşaqlığından nümunələr gətirməklə düzgün davranış modelini öyrətməlidirlər.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!