Previous Next

İnsan Alverinə Qarşı Mübarizədə Ümidli Gələcək STİB-in rolu…

İnsan Alverinə Qarşı Mübarizədə Ümidli Gələcək STİB-in rolu…

Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizə tədbirlərindən biri də insan alverinə qarşı mübarizədir. Ölkəmizdə kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi, habelə ölkədaxili və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etməklə, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanları, həmçinin, bu sahədə ixtisaslaşmış QHT-lər tərəfindən həyata keçirilir. Araşdırmalar göstərir ki, sosial təhlükəli vəziyyətdə olan uşaqlar, müxtəlif sosial xidmət, penitensiar və qapalı tipli internat müəssisələrini tərk etdikdən sonra vahid sosial dayağın və dəstəyin, yaşayış yerinin, iş yerinin olmaması və s. bu kimi problemlərlə üzləşirlər. Bu da öz növbəsində onları insan alveri, məcburi əmək, yoxsulluq, işsizlik və kriminal davranışa sürükləyir, küçə həyatı yaşamağa sövq edir.

30 İyul İnsan Alverinə qarşı Mübarizə günü ərəfəsində Ümidli Gələcək Sosial İctimai birliyi və birliyin nəzdində sosial xidmət mərkəzləri tərəfindən bu istiqamətdə aparılan fəaliyyət ilə izləyicilərimizi tanış etmək istərdik.

Ümidli Gələcək 21 ildən artıqdır ki, Azərbaycanda uşaq və gənclərin inkişafı, əhalinin zəif təbəqələrindən olan insanların sosial, mədəni, təhsil və iqtisadi problemlərinin həllində fəal iştirak edir və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən dövlət proqramları və milli fəaliyyət planlarının icrasına töhfə verməkdədir.

Araşdırmalar göstərir ki, sosial təhlükəli vəziyyətdə olan uşaqlar, müxtəlif sosial xidmət, penitensiar və qapalı tipli internat müəssisələrini tərk etdikdən sonra vahid sosial dayağın və dəstəyin, yaşayış yerinin, iş yerinin olmaması və s. bu kimi problemlərlə üzləşirlər. Bu da öz növbəsində onları insan alveri, məcburi əmək, yoxsulluq, işsizlik və kriminal davranışa sürükləyir, küçə həyatı yaşamağa sövq edir.

Həmçinin insan alveri qurbanı və insan alveri ehtimalı olan yetkinlik yaşına çatmayanlar fərdi şəkildə, valideynləri, rəsmi qurumlar tərəfindən yönləndirilən - təşkilatın nəzdində fəaliyyət göstərən sosial xidmət mərkəzi olan Uşaq Qaynar Xətt xidmətinə müraciətlər daxil olmuşdur.

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas məqsədi də bu kimi problemlərlə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, onların müraciətlərini digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz kömək göstərməkdir.

Onu da qeyd edə bilərik ki, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas iş prinsipi – məxfilikdir. Uşaq Qaynar Xəttinə daxil olan bütün məlumatlar məxfi saxlanılır. Yalnız ehtiyac yarandıqda, əgər problemin həlli bunu tələb edirsə və müraciət edən buna razılıq verirsə, onun barəsində məlumat müvafiq təşkilat və şəxslərə ötürülə bilər.

Qaynar Xəttə 2010-2022-ci il İyun ayı daxil olmaqla 61145 müraciət daxil olmuş, 2022-ci ilin 6 ayı ərzində isə ümumilikdə qaynar xətt 2556 zəng qəbul etmişdir.

İnsan alveri qurbanları və insan alveri ehtimalı olan yetkinlik yaşına çatmayanlar və onların ailələri ilə fərdi olaraq birliyin digər sosial xidməti olan “Zorakılığa Məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi” çərçivəsində sosial-psixoloji fəaliyyət, hüquqi yardım və digər hüquqların bərpası üçün tədbirlərin təşkili həyata keçirilir.
Sosial Reabilitasiya Mərkəzində 2021-ci il ərzində insan alveri qurbanları, potensial qurbanlar və risk altında olanların müraciətləri ilə bağlı aşağıdakı təsnifat üzrə xidmətlər göstərilmişdir.

İnsan alveri qurbanlarının təsnifatı:
Daxil olan müraciətlərin ümumi sayı: 389
İnsan alveri qurbanları: 60
Potensial insan alveri qurbanları, risk altında olanlar: 329

Cins təsnifatı:
Qız -252
Oğlan -136

Yetkinlik yaşına çatmayanlar fərdi şəkildə, habelə rəsmi yönləndirmə əsasında qurumlar (Bakı şəhər Baş Polis İdarəsi, məktəblərin işçi heyəti, Prokurorluq, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, DİN, rayon Polis bölmələri və İcra Hakimiyyətinin YYÇİHMK) və Uşaq Qaynar Xətt xidməti tərəfindən müraciətləri daxil olur. Bu müraciətlər əsasında məlumatların fərdi araşdırılması, ailələrlə görüş və ilkin sosial-psixoloji qiymətləndirmələr həyata keçirilir.

Mərkəzin sosial işçiləri insan alveri qurbanlarının, riskli şəraitdə yaşayan, potensial insan alveri qurbanları, zorakılıq qurbanlarının ehtiyaclarını qiymətləndirərək müvafiq xidmətlərdən yararlanmasına və problemlərinin həlli istiqamətində yardımlar göstərməyə, həmçinin psixoloqlar yetkinlik yaşına çatmayanların hər birinin fərdi psixoloji xüsusiyyətlərini öyrənmək məqsədilə xüsusi psixoloji testlərdən istifadə etməyə davam edərək travmanın qarşısı alınması istiqamətində əməkdaşlıq qurular. Həmçinin yetkinlik yaşına çatmayanların ailələri ilə də görüşlər keçirilir, ümumi həyat şəraitinin yerində qiymətləndirilməsi məqsədilə ailələrə səfərlər təşkil edilir. Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan uşaq və yeniyetmələrlə fərdi görüşlərlə yanaşı qrup terapiyaları, asudə vaxtın təşkili, ekskursiyalar, həmçinin valideynləri ilə də mütəmadi görüşlər və əlaqələ fəaliyyət təşkil edilir.
İnsan alverinin qurbanı və qurbana çevrilmə riski olan çətin həyat şəraitində yaşayan, baxımsız, sosial təhlükəli vəziyyətdə olan, təhsildən yayınan yetkinlik yaşına çatmayanların digər xidmətlərlə yanaşı təhsil hüquqlarının təmini həyata keçirilməklə, 9 illik icbari təhsili başa vurub ümumi orta təhsil haqqında şəhadətnamələrin alınması, tam orta təhsilə bərpa məqsədilə Təhsil Nazirliyi, Bakı Şəhər Baş Təhsil İdarəsi, rayon təhsil idarələri ilə əməkdaşlıq qurularaq, yeniyetmələrin təhsil müəssisələrinə reinteqrasiya edilmələrinə köməklik göstərilir. Yeniyetmələrin peşə təhsilinə istiqamətləndiriliməsi məqsədilə Peşə Təhsili Agentliyinin dəstəyilə peşə məktəblərinə yönləndirilməsi həyata keçirilərək valideyn və ya qəyyumlarla uşaqlara təhsilin önəmliliyi barədə görüşlər təşkil edilmişdir.

Bunlarla yanaşı müraciət edən yetkinlik yaşına çatmayanların əksəriyyətinin sənədlərində müəyyən problemlər olduqda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədi olmayan yeniyetmələrin ailələrinə hüquqşünas tərəfindən pulsuz hüquqi məsləhət, ərizələrin hazırlanması, sənədlərin bərpasına köməklik göstərilir və qeydiyyat ilə bağlı problemləri olan yeniyetmələrin işinə hüquqşünas tərəfindən müvafiq iş üzrə məhkəmə proseslərində iştirak və dəstək təmin edilir.

Biz düşünürük ki, daxil olan müraciətlərlə bağlı aşağıdakı məqsədlər prioritet hesab olunmalıdır:

• İnsan alverindən zərərçəkmiş, insan alverinin potensial qurbanı olan, sosial təhlükəli həyat şəraitində yaşayan yetkinlik yaşına çatmayanların təhsil imkanlarının artırılması;
• Fərdi profilaktik iş, pulsuz hüquqi yardım və sosial-psixoloji reabilitasiya xidmətlərinin təşkili;
• Zorakılıq, kobud rəftar və insan alverinin potensial qurbanı olan və ya bunlara məruz qalmaq riski yüksək olan uşaqların təhsilə yönəldilməsi;
• Təhsil hüququnun bərpası və təhsilə davamiyyətinin təmin olunması üçün müvafiq əlavə xidmətlərin təşkili;
• Reabilitasiya-reinteqrasiya üçün cəlb edilmiş uşaqlara “təhsilə qayıdış” məqsədilə əlavə təhsil xidmətlərinin təşkili, peşə seçimi sahəsində məsləhətlərin verilməsi və dəstəyin göstərilməsi;
• Təhsilə həvəsləndirmə tədbirlərinin təşkili, ailə üzvləri ilə müvafiq işlərin aparılması nəticəsində uşaqların təhsil və tədris davamiyyətin yaxşılaşdırılması;
• Sosial təhlükəli vəziyyətdə yaşayan ailələrin uşaqların təhsil problemlərinin həlli istiqamətində dəstəyin göstərilməsi və müvafiq dövlət qurumları ilə birgə Fərdi İnkişaf Planı əsasında tədbirlərin görülməsi.

Ümumiyyətlə, insan alverinin qurbanları olmuş şəxslərə yardım mərkəzlərində göstərilən dəstəyin məqsədi, onların hüquq və mənafelərinin müdafiəsinə, eləcə də tibbi, psixoloji və digər sahələrdə yardım göstərməsinə, həmçinin, bu şəxslərin sosial reabilitasiyasına və cəmiyyətə reinteqrasiyasına yönəlmişdir.

İnsan alverinə və ya əməyin istismarına məruz qalmısınızsa, hara müraciət etmək olar?

102 – DİN Qaynar Xətti
152 – DİN –nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi
11611 - Uşaq Qaynar Xətti
116123 - “Qayğı” Çağrı Mərkəzi

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!