Ümümdünya Psixi Sağlamlıq Günü 2019
Psixi sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar
10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür. Bu beynəlxalq gününün qeyd edilməsinin əsas məqsədi psixi sağlamlığa dair dünya əhalisinin məlumatlılıq səviyyəsini artırmaq və bu məsələlərə geniş ictimaiyyətin və müvafiq dövlət və qeyri-hökumət qurumlarının diqqətini cəlb etməkdir.
2019-cu il Ümumdünya Psixi Sağlamlıq Günü “İntiharlar: qlobal böhran” şüarı altında keçirilir və uşaq və böyüklər arasında intihar hallarının qarşısının alınmasına yönəlmiş tədbirlərin müzakirəsinə həsr edilib.
2010-cu ilin fevral ayında edilən rəsmi açılışdan etibarən, ölkəmizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azercell Telekom” MMC-nin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda 9 ildir ki, Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidməti fəaliyyət göstərir. Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əhatə dairəsi 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar hər bir şəxsi əhatə edir. Fəaliyyət göstərdiyi 2010-2019-ci illər ərzində AUQX xidmətinə 38 000-dən artıq zəng daxil olmuşdur. Müraciət edənlərin 70%-i 18 yaşdan yuxarı olan şəxsləri, 30%-i isə yetkinlik yaşına çatmayanları əhatə edir. Zəng edən uşaq və yeniyetmələr arasında suisidal düşüncələri olanlarla yanaşı, artıq bir neçə dəfə intihara cəhd etmiş şəxslər də yer almışdır.
Azərbaycan Uşaq Qaynar Xətt xidməti fəaliyyətini 24 saat fəaliyyət göstərən dörd mobil nömrə, bir şəhərdaxili telefon xətti, elektron poçt, internet səhifəsi, facebook və instagram sosial şəbəkələri və “Uşaq Qaynar Xətti” mobil əlavəsi vasitəsilə həyata keçirirdi.
Bu ildən etibarən AUQX xidmətinin növbəti nailiyyətlərindən biri də artıq Ümumdünya Uşaq Qaynar Xəttlər şəbəkələrində istifadə olunan qısa nömrəyə keçiddir. Məqsədimiz beynəlxalq səviyyədə qəbul olunan və Azercell-in dəstəyi ilə əldə edilən 116111 qısa nömrəsi vasitəsi ilə uşaqlara daha əlverişli, əlçatan və təxirəsalınmaz xidmətin göstərilməsidir. Uşaqlar üçün nəzərdə tutulan 116111 yardım telefonu, 24 saatlıq pulsuz bir xidmətdir ki, zəng etməklə köməyə ehtiyacı olan hər bir uşaq məlumat və problemləri ilə əlaqəli mövzularda məsləhət ala biləcəklər.
Azərbaycanda Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd edilməsi məqsədilə, 15 oktyabr 2019-cu il tarixində Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti, Azercell Telekom, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı və Ümidli Gələcək Sosial Təşəbbüslər İB birgə əməkdaşlıqda və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Psixi sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” adlı Elmi-Praktik Konfransın təşkil edilmişdir. Bununla yanaşı, konfransın tərkibində daha geniş kütləyə məlumatın ötürülməsi və ictimaiyyətin diqqətinin cəlb edilməsi məqsədilə Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin yeni qısa nömrəsinin təqdimatı mərasimi də keçirilmişdir.
Tədbirdə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin İcraçı direktoru Kəmalə Aşumova “UŞAQ QAYNAR XƏTTLƏRİ: UŞAQLAR ARASINDA İNTİHAR HALLARININ ÖNLƏNMƏSİ” mövzusu ilə çıxış edərək konfrans iştirakçılarına Qaynar Xəttin iş prinsipləri, əməkdaşları, qaynar xətt vasitəsilə uşaqlara və onların ailələrinə göstərilən yardımın növlərindən bəhs etmiş, eyni zamanda, qaynar xətt vasitəsilə bu il ərzində daxil olmuş intihardan yayındırma halları ilə bağlı olan müraciətlər haqqında məlumatlar vermişdir.
Sonda Azercell Telekomun təşəbbüsü ilə çəkilmiş Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin video roliki iştirakçılara təqdim edilmiş, həmçinin zaldan səslənən suallar cavablandırılmaqla çıxışa yekun vurulmuşdur.