Uşaqlara qarşı cinsi zorakılıq və istismar bir çoxlarının danışmaqda çətinlik çəkdiyi mövzulardandır. Təəssüflər olsun ki, uşaqların cinsi istismarı hələ də cəmiyyətimizin ağır da olsa, reallığıdır. Son araşdırmalara görə, bu cür halların 70-85%-i uşağın tanıdığı şəxslər tərəfindən törədilir. Bu halların 90%-i gizli olaraq qalır.
Bu cinayətlərin qarşısını almaq, təqsirkarları cəzalandırmaq və zərərçəkənləri qorumaq üçün dövlətimiz və eləcədə beynəlxalq təşkilatlar bir sıra tədbirlər görür. Bu baxımdan, 25 oktyabr 2007-ci ildə qəbul edilən “Uşaqların Cinsi İstismar və Seksual Xarakterli Hərəkətlərdən Müdafiəsinə dair Avropa Şurası Konvensiyası” (Lanzarote konvensiyası) 2010-cu ildən qüvvəyə minib. Eyni zamanda, 2015-ci ildə 18 noyabr “Avropa Uşaqların cinsi zorakılıqdan və istismardan müdafiəsi günü” olaraq təsis edilmiş bu tarix AŞ-na üzv dövlətlərdə, o cümlədən Azərbaycanda hər il qeyd edilməklə bir sıra maarifləndirici tədbirlərin keçirilməsi ilə müşahidə edilir.
2010-cu ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azercell Telekom MMC əməkdaşlığı nəticəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İB tərəfindən yaradılmış Azərbaycan Uşaq Qaynar Xətt xidməti artıq 9 ildir ki, uşaqlara psixoloji, emosional və mənəvi yardım göstərir, habelə onları müxtəlif xidmətlərə yönəldir. Fəaliyyət göstərdiyi dövr ərzində müxtəlif problemlərlə bağlı uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 39.000–dən çox müraciət daxil olmuş, 2019-cu ilin ilk 6 ayı ərzində isə 2051 -dən çox uşaq, gənc və onların ailələrinə psixoloji və emosional yardım göstərilmiş, bir qismi problemləri ilə əlaqədar müxtəlif xidmətlərə və müvafiq dövlət qurumlarına yönəldilmişdir.
Bununla yanaşı təşkilatın nəzdində fəaliyyət göstərən digər xidmət mərkəzi olan Uşaq Hüquqları Klinikası uşaq və gənclərə hüquqlaını təmin və bərpa etməklə pulsuz hüquqi xidmət həyata keçirilir. Uşaq Hüquqları Klinikası öz fəaliyyəti dövründə 3500-dən çox uşaq və ailəyə hüquqi yardım göstərmiş, uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar, dövlət orqanlarında, idarə və təşkilatlarda, eyni zamanda məhkəmələrdə müdafiə işini həyata keçirmişdir. Bununla yanaşı təşkilatın sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə cəlb edilmiş uşaqlarla təcrübəli psixoloq və sosial işçilər reabilitasiya işini uğurla təşkil etməkdədirlər.
Uşaqlar bizim gələcəyimizdir! Onların sağlam mühitdə böyüməsi və inkişaf etməsi üçün ölkənin hər bir vətəndaşı, xüsusilə uşaq sahəsində çalışan mütəxəssislər daima yenilikləri araşdırmalı və ölkəmizdə tətbiqinə cəhd etməliyik!