Əziz valideynlər uşaqlarınıza dəyərli olduqlarını hiss etdirirsinizmi? Bəzən bu sualın qarşısında valideynlər "bəli, nə istəsə alırıq" deyə cavab verirlər. Bəs görəsən bu onları həqiqətən dəyərli hiss etdirirmi? Bu mövzu ilə əlaqədar 2017-ci ildə Türkiyədə OMO şirkəti tərəfindən keçirilmiş sosial təcrübəni paylaşmaq istəyirik. Təcrübədə azyaşlı uşaqlar və onların valideynləri iştirak etmişdilər. Valideynlərdən övladlarının "Ən xoşbəxt olduqları an hansıdır?" sualına necə cavablar verə biləcəklərini təxmin etmələrini istəyirlər. Valideynlər "Luna parka getmişdik", "İstədiyi oyuncaq maşını almışdıq" kimi cavablar verdiyi halda uşaqlar valideynləri ilə bərabər keçirtdiyi anların onları daha xoşbəxt etdiyini söyləmişdilər. Bu təcrübə əslində bütün suallara cavab verir. Uşaqların valideynlərinin onlarla keçirtdiyi zamanı daha üstün qiymətləndirdiklərini görən valideynlər bunu göz ardı etdiklərini etiraf edirlər.
Bu zaman ortaya sual çıxa bilər. Məgər, uşağa hədiyyə almaq pisdir? Xeyr! Sadəcə olaraq bu sevgi nümunəsi və ya rəğbətləndirmə olaraq edilməməlidir.
Ümumiyyətlə, gəlin qəbul edək ki, uşaq böyütmək məsuliyyətli bir işdir. Həyatlarına toxuna bilən, onlara yön verən ilk varlıqlar isə onların öz valideynləridir. Onlar sevginin, nəvazişin nə olduğunu ilk öncə valideynlərindən öyrənirlər. Sevginin də, mənəvi keyfiyyətlərinin də toxumu uşaqlıqdan valideynlər tərəfindən atılır. Övladlarımıza uşaqlıqdan xoşbəxtliyi kənarda axtarmağı aşılamaqla onların həyatına xarici təsirlərin yön verməsinə səbəb olmuş olarıq ki,bu da uşağın gələcək həyatına mənfi təsir göstərəcək. Çünki kənarda olan hər şeyin yaxşı və xeyirli olmaması bu mənfi təsiri qaçınılmaz edir. Uşaq xoşbəxtliyi nə zaman kənarda axtarır? Valideynlərindən gözlədiyi nəvazişi görmədikdə, valideynlər öz sevgisini uşağa hər hansı bir oyuncaqla göstərdiyində. Buna(gördüyünə)alışan beyin artıq bu cür kodlanır: Sevgi hədiyyədir, sevgi var dövlətdir, hədiyyə yoxdursa sevgi də yoxdur. Bunu da ətrafdan görmədikdə o məyusluğa uğrayır, nəticədə aqressiv, təcavüzkar və ya depressiv biri olur. Zamanla əşyalardan imtina edib o, xoşbəxtliyi insanlarda axtarar. Bu zaman isə kənardan gördüyü ən balaca maraq onu tanımadığı şəxsə doğru apara bilər. Onlar qonşuda, məktəbdə, həyətdə ümumən, uşağın iştirak etdiyi hər yerdə ola bilər. Digər uşaqlar adətən öz yaşıdları ilə oynamağı seçdikləri halda, belə uşaqlar özlərindən böyüklərlə “dostluq” edirlər. Bu böyüklərin hər hansı bir maddə aludəçisi və ya pedofil ola biləcəyini gözdən qaçırmamalıyıq. Onların yaşı, cinsi olmur və müşahidə aparıb valideyin diqqətindən kənarda qalmış uşaqları xüsusilə seçirlər. Adətən, pedofillər azyaşlılara “dost” kimi yanaşır, onlarla zaman keçirir və onları dinləyirlər. Valideynlərindən bu diqqəti görməyən uşaq özünü güvəndə hiss edir və pedofilinə güvənir. Bu zaman özünüzdə bilmədən övladınız hər hansı bir şəxsin cinsi obyektinə çevrilmiş olur. Hər halda heç bir valideyn bunu istəməz və bilərək övladını qaranlığa qərq etməz. Bəs nə etməliyik? Övladlarımıza necə yanaşmalıyıq? İlk öncə qayğı anlayışımızı gözdən keçirtməliyik. Onlara gerçək sevgi verməli, onlarla zaman keçirməli, onlarla oyunlar oynamalı olduğumuzu unutmamalıyıq. Onlara bu dünyada ən önəmli olan şeyi: zamanınızı verin. Və həyatlarında nə olur olsun hər zaman dəyərli olduqlarını onlara deyin. Bir sözlə onları diqqətinizdən və qayğınızdan məhrum etməyin.