Uşaqların cinsi tərbiyəsi
Övladlarının tərbiyəsi zamanı valideynləri ən çox narahat edən məsələlərdən biri də onların cinsi tərbiyəsidir. Bu mövzu ilə bağlı valideynləri belə bir sual maraqlandırır.
Övladıma cinsi tərbiyəni necə verməliyəm?
Uşaqlar cinsi fərqliliklərini hələ kiçik yaşlarından, əsasən 2-3 yaşlarından etibarən dərk etməyə başlayırlar. Elə bu səbəbdən də uşaqlara cinsi tərbiyənin verilməsinə kiçik yaşlarından başlanılmalıdır. Onların geyimlərinə, oyuncaqlarına, davranışlarına görə qız və oğlan uşaqları fərqli şəkildə tərbiyə edilməlidir. Uşaqların cinsi tərbiyəsi zamanı xüsusilə valideynlər diqqətli olmalıdırlar. Yaxşı olar ki, qız uşaqlarının cinsi tərbiyəsi ilə ana, oğlan uşaqlarının cinsi tərbiyəsi ilə isə ata məşğul olsun.
Cinsi tərbiyənin məqsədi uşağın öz cinsiyyət üzvlərinə qarşı normal və sağlam şəkildə yanaşmasına nail olmaqdır. Uşaqlarda normal cinsi inkişaf valideynlər tərəfindən diqqətlə izlənilməli, onların suallarına yalnış, mövzudan kənar cavablar deyil, olduğu kimi düzgün cavablar verilməlidir. Belə suallara valideynlər düzgün və qısa cavab verməlidirlər. Cinsi suallar zaman valideynlər təşvişə düşməməli və mövzunu dəyişdirməməlidirlər. Belə suallar verdiklərinə görə uşaqları tənqid etmək, onlara kobud cavab vermək, onları acılamaq qətiyyən yolverilməzdir. Əks halda bunun uşağa mənfi təsirləri olacaqdır.
Övladımın cinsi tərbiyəsinə nə zaman başlamalıyam?
Bu sual valideynlərin psixoloqlara ünvanladığı əsas suallardan biridir. Qeyd etdiyimiz kimi uşaqlar kiçik yaşlarından cinsi fərqliliklərini hiss etdiyi üçün onlara bu dövrdən cinsi tərbiyə verilməyə başlanılmalıdır. Uşaqların cinsi tərbiyəsi ilə bağlı görülən tədbirlərdən biri odur ki, onların yataq otaqları 6-7, ən gec isə 10 yaşında ayrılmalıdır.
Uşaqların cinsi tərbiyəsi zamanı ana və atanın bir-birinə qarşı davranışları da çox önəmli məsələlərdən biridir. Yaxşı olar ki, valideynlər 2-3 yaşlarından sonra uşaqları ilə eyni yataqda yatmasınlar.
Yeniyetməlik dövründə artıq uşaqlar həm cinsi həm də fiziki cəhətdən inkişaf etdikləri üçün onlarla münasibətdə valideynlər daha diqqətli olmalıdırlar. Kiçik yaşlardan cinsi tərbiyə verilən yeniyetmə bu barədə daha məlumatlı olur və bu da onun cinsi inkişafının daha rahat və asan olmasına səbəb olur. Həm qızlar, həm oğlanlar fiziki və cinsi cəhətdən inkişaf edərkən bunun barəsində məlumatlı olmalıdırlar.
Təəssüf ki, cinsi istismarın geniş yayıldığı dövrdə uşaqlara düzgün cinsi tərbiyənin verilməsi məsələsi daha ön plana çıxır. Cinsi mövzular barədə məlumatlı olan uşaqlar onlara qarşı baş verə biləcək cinsi istismar zamanı özlərini qorumağı da bacara biləcəkdir. Uşaqların bu cür maarifləndirilməsi təkcə valideynlərin deyil, eyni zamanda müəllimlərin də öhdəsinə düşən əsas vəzifələrdən biridir. Belə ki, müəllimlər şagirlərin cinsi yetişkənliyi dövründə onlara qarşı diqqətli olmalı, onların hazırki psixoloji vəziyyətlərini başa düşməlidirlər. Bəzən müəllimlər uşaqlara cinsi tərbiyə ilə bağlı keçirilməsi lazım olan dərslərin vərəqlərini cırır, onlara bu dərsləri tədris etməkdən imtina edirlər və yaxud da “özünüz evdə oxuyarsız” kimi tapşırıqlar verərək bu mövzuda olan dərslərin üstündən keçirlər. Bu keçirilməyən dərslər uşaqlarda daha artıq maraq oyadır. Onlar bu biliklərə sahib olmaq üçün evdə təkcə kitabdan deyil, başqa mənbələrdən də istifadə etməyə başlayırlar. Bu da uşaqların cinsi mövzularla bağlı yalnış biliklərə sahib olması ilə nəticələnir. Uşaqların bu sferada yalnış istiqamətlənməmələri üçün müəllimlər öhdəsinə düşən vəzifəni yerinə yetirməli, cinsi mövzularla bağlı dərsləri mütləq şəkildə şagirdlərə tədris etməlidirlər.
Uşaqların cinsi yetişkənliyi dövründa təkcə valideynlər və müəllimlər deyil, mütləq şəkildə məktəb psixoloqu da onlarla birliktə iş aparmalıdır. Qızlara və oğlanlar ayrı-ayrılıqda olmaq şərtilə müəyyən psixoloji maarifləndirmə tədbirləri təşkil etməlidirlər ki, bu da başlıca olaraq məktəb psixoloqunun öhdəsinə düşən əsas vəzifələrdən biridir.