“Ana qorxuram, yanınızda yata bilərəmmi?” bu sözləri əksər valideynlər tez-tez eşidirlər. Səbəb nə olursa olsun, uşağınızın sizinlə birlikdə yatmaqdan məmnun olduğunu bilirsiniz. Uşağınız sizinlə birlikdə yatdığı gecələrin səhərində yuxudan daha dinc durur, bu da sizə xoş təsir bağışlayır. Siz də uşağınızın xoşbəxt və dinc olacağını bildiyiniz üçün sizinlə birgə yatmasına icazə verirsiniz.
Yuxu əsas ehtiyaclarımızdan biri olmaqla, psixi inkişafımıza güclü təsir göstərir. Yetkinlərdə olduğu kimi, uşaqlarda da yuxu və yuxu öncəsi problemlər emosional problemlərlə sıx bağlı ola bilər. Hər bir uşağın yuxu vaxtı və yuxu rejimi fərqlidir. Hər bir uşağa görə yuxu problemləri də olduqca müxtəlifdir. Bunlardan biri də çox zaman məktəbəqədər uşaqların tək yox, valideynləri ilə yatmaq istəməsidir. Uşaqların tək öz yataqlarında deyil, valideynləri ilə birlikdə yatmaq istəməsinin bir çox səbəbi var. Zaman-zaman uşaqlar qorxularına görə tək yatmaq istəmir və valideynləri ilə birlikdə təhlükəsiz bir mühitdə yuxuya getmək istəyirlər. Bəzən birlikdə yatmaq istəyi uşaqların valideynlərə olan sədaqətinin ifadəsidir. Uşağın tək yatmaq istəməməsi valideynlərin münasibətləri ilə sıx bağlıdır. 2-3 yaşlı uşağa tək yatmaq vərdişini aşılamaq üçün ilk növbədə səbr, ardıcıllıq və sabitlik lazımdır. Uşağınız üçün bu prosesi mərhələlərə bölsəniz yaxşı olar. Yeni doğulmuş bir körpənin potensial təhlükələrdən qorunması üçün ehtiyaclarını yaxından izləmək lazımdır. Buna görə ilkin dövrlədrə körpə öz beşiyində yatmaq şərtilə valideynlərin otağında qala bilər. Ancaq o, öz otağına sahib olmalıdır və ilk dövrlərdən sonra öz otağında və öz yatağında yatmalıdır. Bu yolla uşaq müstəqil bir şəxs olmaq üçün ilk addımları atacaqdır. Bəzən ana körpəni sakitləşdirmək, bəlkə də bir müddət istirahət etmək üçün körpənin yanında yatmaq üsulundan istifadə edə bilər. Ancaq körpədə bu bir vərdiş halına gəlsə, uşağın anadan ayrı yuxuya getməsini çətinləşdirəcək və bu mənfi bir vərdişə çevrilə bilər. Yuxu ana ilə həm fiziki əlaqə, həm də emosional əlaqələrin güzgüsüdür, buna görə də uşaq valideyndən ayrıla bilmirsə, həyatının bütün sahələrində problemlər ola bilər. Öz ehtiyaclarını təmin edə bilmək, özünü sakitləşdirmək, təhlükəli bir mühitdə gətirdiyi emosional yükün öhdəsindən gəlmək, yeni bir sosial mühitə girəndə bir şəxs kimi mövcud ola bilmək kimi bir çox detallar, uşağın müstəqil bir fərd kimi formalaşması üçün olduqca vacibdir.
Uşaqları tək başına yatıra bilmək üçün 7 faydalı məsləhət:
1) Uşağın öz otağı haqda müsbət fikirlər yaradılmalı və zəruri hallarda otağın dizaynı özünü rahat və təhlükəsiz hiss etməsi üçün düzəldilməlidir. Məsələn: birlikdə pijamaları seçərək, sevimli oyuncaqlarını yatağının yanına qoyaraq ya da şəkilləri çarpayının qarşısındakı divara asaraq. Uşağınızın öz otağını hazırlaması
otağı daha rahat qəbul etməsinə və burada daha çox vaxt keçirmək istəyinə imkan verəcəkdir.
2) Otağın istiliyi, səs-küydən uzaqlığı, işıq, yatağın düzgün yeri kimi amillər valideynlər tərəfindən tənzimlənməlidir.
3) İlk günlərdə uşağınız ayrı yatmaq istəməməsi təbii haldır. Belə hallarda uşağınızla bir neçə gün yataqda qala bilərsiniz. Bu müddət ərzində nağıl oxuya və ya rahat bir söhbət edə bilərsiniz. Uşağınız yuxuya getdikdən sonra öz yatağınıza getməlisiniz.
4) Gecələr, uşağınız oyanıb sizi görməyəndə narahat ola bilər, yanınıza gəlmək istəyə bilər və sizinlə birlikdə yatmağa davam edə bilər. Bu vəziyyətdə onu yenidən yatağa aparmalı, zəruri hallarda qalmalı və yenidən öz yerinizə qayıtmağınız lazımdır.
5) Sonrakı günlərdə bu proses uşağın yuxuya getməsini gözləmədən yatağın yanında oturma şəklində davam etdirilə bilər. Bu şəkildə valideynlə uşaq arasındakı sıx əlaqə müəyyən dərəcədə azalır və uşağın tək başına yatması üçün vacib bir addım atılır. Yuxuya gedərkən uşağınızın saçlarını ovuşdurmaq, əlini tutmaq onun üçün rahat olacaq, yuxuya getməyi asanlaşdıracaq.
6) Bu müddətdən sonra uşağınızın yavaş-yavaş yuxuya getməsi və otaqda olmadığınız zaman özünü sakitləşdirməsi və ya yuxuya getməsi mümkündür. Uşağınızla bir müddət qalmaq, onunla bir az söhbət etmək, nağıllar oxumaq və ona bir hekayə danışmaq olar. Sonra yuxuya getmək vaxtı gələndə bir-birinizi öpün və sonra otağı tərk edin.
7) Yatmadan əvvəl birlikdə keçirdiyiniz müddət, uşağınızın narahatlıq səviyyəsindən və ya aranızdakı münasibətdən asılı olaraq dəyişə bilər, ancaq bunu hər dəfə tədricən azaltmaq mümkündür. Əvvəlcə uşağınız onunla uzun müddət qalmağını istəyə bilər, ya da istəmədiyinizi düşündüyünə görə yatmağa müqavimət göstərə bilər. Bu vəziyyətdə uşaqla razılaşmaq çox vacibdir, məsələn, bir nağıl oxuduqdan sonra ayrılacağını söyləyə bilərsiniz.