Previous Next

Şagirdlərin yeni tədris ilinə adaptasiyası

 

Yeni tədris ilinin başlaması ilə şagirdlərin yay tətilindən sonra məktəbə, dərs proqramına uyğunlaşması məsələsi aktuallaşır. Çünki yay tətilində istirahətə geniş yer vermiş şagirdlər, eləcə də birinci sinifə yenicə qədəm qoymuş uşaqlar dərs ilinin ilk günlərində məktəbə adaptasiya olmaqda çətinlik çəkirlər. Məktəbə ilk qədəm qoyan şagirdlərdən buraya həvəslə gələnlərlə yanaşı, ağlayan, valideynlərindən ayrılmaq istəməyən şagirdlər də olur. Hər uşaq məktəbə asanlıqla adaptasiya ola bilmir.

Bəs bunun səbəbləri nələrdir?

Səbəbləri çoxdur. 1) Bütün yayı valideyni ilə  istirahət, gəzinti, yoldaşları ilə oynamaqla keçirən uşaqlar yenidən məktəbin nizam-intizamına əməl etməli olur, uzun bir aradan sonra məktəb rejiminə birdən-birə uyğunlaşa bilmirlər. 2) Çox zaman valideynlər məktəblə bağlı uşaqları qorxudurlar: "Uşaqlarına deyirlər ki, məktəb gəlir, artıq tez yatmalısan, daha bu oyuncaqlarla oynamayacaqsan. Bununla da uşağa bir məsuliyyət, bir ağırlıq yükləyirlər. Uşaq da fikirləşir ki, məktəb necə də qorxunc bir yerdir. Mənim azadlığımı əlimdən aldı, oyuncaqlarımla artıq oynaya bilməyəcəm və s. Lakin bu belə olmamalıdır. Uşağın günlük həyat tərzi sistemli və nisbətən tələbatlarına uyğun şəkildə valideynlərinin dəstəyi ilə planlaşdırılmalıdır. Yəni uşağın öz əyləncə saatı olmalıdır, həmçinin də uşaq hər gün eyni saatda yatıb, eyni saatda da oyanmalıdır. Məsələn, uşaq tətildədir deyə daha çox yuxusuz qalmamalıdır. Onun dəqiq yuxu saatı tənzimlənməlidir. Çünki yuxu uşaq sağlamlığında əhəmiyyətli yerlərdən birini tutur. Yuxusuzluq onlarda yorğunluq, aqressivlik və s. kimi hallar yaradır. Yuxu rejimi ilə yanaşı uşaqların qidalanmasına da xüsusi diqqət etməliyik.

Necə etmək lazımdır ki, onlar tezliklə məktəbə, dərs prosesinə uyğunlaşa bilsinlər?

Əgər uşaq ilk dəfə məktəbə gedirsə, bu zaman valideyn dəstəyi xüsusilə vacibdir. Valideyn övladını məktəbə psixoloji olaraq hazırlamalı, onunla yeni mühit, dərslər və yeni dostlar haqqında söhbətlər etməlidir. Məktəb hazırlıqlarını bərabər etmək, uşağın otağını  dərs mühitinə hazırlamaqla onda dərsə motivasiyanı artırmaq olar.

Dərsə yeni başlayan uşaqlarda isə nəinki davranış, həmçinin də emosional baxımından dəyişikliklər müşahidə oluna bilər və bunu normal hal kimi qəbul edib, uşağa hər cəhətdən dəstək olmaq lazımdır. Valideynlərin övladları ilə qarşılıqlı ünsiyyət qurması sayəsində bu çətinlikləri qısa müddətdə aradan qaldırmaq mümkündür.

Unutmaq olmaz ki, uşaqların bu həyatda ilk müəllimləri məhz onların valideynləridir. Məktəblərdə isə bu iş məktəb rəhbərliyi, müəllim kollektivi ilə yanaşı, məktəb psixoloqlarının da üzərinə düşür. İlk dərs həftəsində uşaqlarla dərsə adaptasiya olmaq, diqqətin cəmlənməsi ilə bağlı psixodiaqnostik işlər aparılmalı, ehtiyac olarsa, profilaktik tədbirlər görülməlidir.  Ən azı, həftədə bir dəfə onlarla qrup terapiyasının keçirilməsi, idrak proseslərinin inkişafına müsbət təsir göstərən aktiv zehni oyunların, inkişafyönümlü söhbətlərin, müxtəlif psixokorreksiya işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.

Son olaraq valideyn və müəllimlərə uşaqlarla qarşılıqlı münasibətdə səbrli olmağı, şagirdlərin suallarına təmkinlə cavab verməyi tövsiyyə edirəm. Əgər övladlarınızın sağlam düşüncəyə, güclü psixologiyaya malik olmağını istəyirsinizsə onlara daha çox vaxt ayırın.

 

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!