Previous Next

Koronavirus…

 

Son vaxtlar nəinki ölkəmizin bütün dünyanın kabusuna çevrilmiş virus.

Bəzilərimiz bunu məsxərəyə salıb gülür, digər bir qismimiz panikaya düşüb özünü daha da gərgin situasiyaya salır və üçüncü bir təbəqə isə eşitdiklərini şüurlu şəkildə dərk edərək tədbirlər görür.

Gəlin biz də üçüncü qisim insanlardan olaq. İlk addım olaraq qəbul edək ki, belə bir virus həqiqətən də var, dünya səviyyəsində yayılıb və yayılmağa davam edir. İkincisi, əksər xəstəliklərin olduğu kimi bu virusun da müalicəsi var və xəstəliyə tutulmaq heç də ölmək demək deyil. Üçüncüsü və ən mühimi isə xəstəlikdən yaxa qurtarmaq üçün ona yoluxacağımız günü gözləməyək, elə bu an qabaqlayıcı tədbirlərimizi birlikdə görək.

1.      Əllərinizi tez-tez sabunla yuyun və spirtli məhlulla dezinfeksiya edin. Hər bir halda əl yumaq gigiyena baxımından bizim faydamızadır. Hər birimiz mikrobların, infeksiyaların, virusların əlimizdə toplandığı və ağzımız vaxitəsilə nəfəs yolumuza daxil olduğunu illərdir ki, bilirik. Əgər adi və elementar saydığımız bu davranış bizim sağlamlığımızın daha çox qayğısına qalırsa, niyə bunu etməkdən çəkinək? Yadınızda saxlayın, əlimi yumuşam kimi görünmək üçün əl yumağınızın ən böyük ziyanı ilk olaraq özünüzədir. Hər dəfəsində ən az 20 saniyə əllərinizi suyun altında saxlamağınız vacib şərtdir.

2.      İmunitetinizi gücləndirməyə çalışın. Mənə heç nə olmur, mən onsuzda xəstələnmirəm, o vaxtı da donuz qripi, quş qripi yayılmışdı, heç nə də olmadı kimi düşüncələri özünüzdən bir köynək aralı saxlayın. Təki elə dediyiniz kimi də olsun. SİZƏ heç nə olmasın. Amma həyatda baş verəcək heç nədən siğortalanmadığımızı yadınıza salaraq, özünüz özünüzü siğortalayın. Yaxşı qidalanın, soyuqdəymədən qaçmağa çalışın. Xüsusilə gənclər havaların azca istiləndiyinə aldanıb nazik geyinməkdən yayının, islaq saçlarla çölə çıxmayın. Adi qripə belə yoluxma ehtimalından özünüzü qoruyun. Unutmayın, virus paralel xəstəliyi olan və imuniteti zəif olan insanlara daha tez yoluxur.

3.      Evinizi, otaqlarınızı tez-tez havalandırın. Sıxlıq çox olan və havasız mühitlərdən kənar gəzməyə çalışın. İşlədiyiniz müəssisələrin havalandırılmasına diqqət göstərin.

4.      Maska taxın. Xüsusilə adi qrip olan şəxslər özünüzlə yanaşı ətrafınızdakıları da düşünün, siz hər dəfə asqıranda, öskürəndə onsuzda panika içində olan insanların durumu daha da gərginləşir, sizi ya pis baxışlarla süzürlər, ya da sözlü olaraq atmacalar atırlar. Bu kimi reaksiyalara tuş olmamaq üçün maska taxın. Bu sizin gözəlliyinizə xələl gətirməyəcək.

5.      Yeni məşğuliyyətlər yaradın özünüzə. Çoxdandır xəyalınızda olan, dərslərdən, iş-gücdən vaxt ayıra bilmədiyiniz vərdişlərinizə yenidən geri dönün və\ya yeni vərdişlər formalaşdırın. İnternetin əlinizin altında olduğu bir zəmanədə və gününüzün daha çoxunu evdə keçirməli olduğunuz bu günlərdə özünüz, şəxsi inkişafınız üçün bir şeylər edin.

Güc birliktədir. Hər birimiz birlikdə olub, xəstəliklərə qarşı birlikdə və şüurlu mübarizə aparmalıyıq. Güman edək ki, dünyanı başına alıb gedən bu bəla çox can almadan həyatımızdan çıxıb gedəcək.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!