Dünya Sosial İş günü 1983-cü ildə Beynəlxalq Sosial İşçilər federasiyası tərəfindən yaradılmışdır. O vaxtdan həmin tarix, yəni, hər il mart ayının üçüncü çərşənbə axşamı “Dünya Sosial İş Günü” kimi qeyd olunur.
Sosial iş bir fəaliyyət növü olaraq, insanlara onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün yardım etməyə istiqamətlənmişdir. Sosial işin əhatə dairəsi ilk öncə, valideynlərindən birini və yaxud ikisini də itirmiş, ailə qayğısından məhrum olmuş uşaqları, əlilləri, ahılları, problemli ailələri əhatə etsə də, sonradan daha da inkişaf edərək, sosial iş yaşından, cinsindən, etnik mənsubiyyətindən, dinindən, irqindən asılı olmayaraq, dəstək və yardıma ehtiyacı olan hər kəsə şamil olundu.
Sosial işçi problemin formasından, növündən, miqyasından asılı olmayaraq, problemi olan insana həmin problemi özünün potensialı hesabına həll olunmasına köməklik göstərən şəxsdir. Məhz “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində və eləcə də, təşkilatın digər sosial xidmət mərkəzləri sosial işçilər bu istiqamətdə çalışırlar. Onlar Uşaq Qaynar Xətti vasitəsilə müxtəlif problemi olan ailələrlə zəng və müraciətlərlə sosial konsultasiyalar, ailələrə səfər, onların mövcud durumunun qiymətləndirməsini aparır, keyslərin yazılmasını həyata keçirir və ailələrlə keys menecment işini təşkil edir. Bununla yanaşı sosial-psixoloji reabilitasiyaya cəlb olunan yetkinlik yaşına çatmayanlar və onların ailə üzvləri ilə sosial işçi problemi dinləyir, sosial problemləri araşdırır, onların sosiallaşması və reinteqrasiyası istiqamətində mühüm addımlar atırlar. Sosial işçi həm də uşaqların hüquqları və sosial müdafiəsinin təmin olunması üçün aidiyyatı qurumlarla əməkdaşlıq edir, uşaqların probleminin həllində dövlət qurumları ilə birgə müzakirələr aparır, müraciət edənlərə hüquqlarının izah olunması və digər problemlərin həlli istiqamətində öz töhfələrini verirlər. İxtisasından asılı olmayaraq, hər bir sosial işçinin müəyyən keyfiyyətlər dəsti olmalıdır. Əvvəla, bu, "üçüncü şəxs" olmaqla, insanla xarici aləmi, uşaqlar və böyüklərlə, ailə və cəmiyyət arasındakı bağlayıcı bir əlaqə olmasıdır. Sosial işçinin vacib keyfiyyətlərindən biri də digər insanların problemlərini dərindən hiss etmək və dərk etmək bacarığıdır.
"Ümidli Gələcək" STİB-nin Sosial işçisi Fərid Dünyamalıyev
Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur