Previous Next

Evdə asudə vaxtın təşkili

Bildiyimiz kimi yaxın zamanda üzə çıxan koronavirusdan qorunmaq üçün  evdə vaxt keçirməyə üstünlük verilməlidir. Bu isə əksər insanlar, xüsusən uşaqlı ailələr üçün darıxmaq, məşğuliyyət tapa bilməmək və yorulmaq deməkdir. Biz sizə hər şərdə bir xeyir var deyərək, evdə keçirməli olduğumuz vaxtlarda zamanı necə həm əyləncəli, həm də öyrənərək dəyərləndirə biləcəyiniz haqda postlar paylaşaraq dəstək olmağa çalışacağıq.  Elə isə başlayaq

1.Ailəvi oyunlar - Məsələn, bütün ailə üzvləri ilə birlikdə domino, şaşki, şahmat, müxtəlif söz oyunları, səssiz film və s. bu kimi oyunlar oynaya bilər.

Hər birimiz gərgin iş rejimində maddi tələbatlarımızı ödəmək, övladlarımızın təhsil haqqlarını qarşılamaq, digər həmyaşıdlarından geri qalmaması üçün fasiləsiz işləyirdik. İndi isə evdəyik, evdə olmalıyıq. Bəlkə də bu övladlarımızı tanımaq, onlarla ünsiyyət bariyerini aradan qaldırmaq üçün yaxşı bir fürsətdir? Niyə də yoxlamayaq? Yəqin ki, bilirsiniz, uşaqları tanımağın ən yaxşı üsulu onlarla oyun oynamaqdır. Qrup oyunları düzgün yönləndirma olduqda onlarda özünüifadə tərzini formalaşdıracaq. Əgər uşaqlarınız kiçikdirsə, onlarla birlikdə müxtəlif rəsmlər çəkə, çəkdikləri rəsmlərdəki hadisələri təsvir etməsinə, nağıl kimi danışmasına şərait yarada bilərsiniz. Beləliklə övladınızın həm rəsm qabiliyyətini, həm də söz bazasını inkişaf etdirmiş olarsınız. Rəngli kağızlardan düzəldilən fiqurlar, bacarırsınızsa canlandıra biləcəyiniz personajlar isə uşağın təxəyyülünün inkişafına birbaşa müsbət təsir edəcək.  Həmçinin, oyunun qaydalarını əvvəlcədən övladınızla birgə müəyyənləşdirin. Çünki kiçik uşaqlarla oyunlar oynadıqda uşaqların oyunun qaydalarından kənara çıxmaması və ona riayət etməsi, onlarda səbrlilik, məsuliyyət hissini artırır. Bu da gələcək həyatlarında uğura gedən yolda kiçik dostlarımız üçün təməl  olacaqdır.

Övladlarınızla oyun oynamaqdan heç bir zaman çəkinməyin. Bu sizi qıraqdan qeyri-ciddi və yaxud uşaq kimi göstərmir, əksinə sizin ailənizə verdiyiniz dəyərin, duyduğunuz sevginin göstəricisidir. Balalarımız üçün edə biləcəyimiz Ən  gözəl yatırım xoş xatirələr depolamaqdır.

2.Kitab oxumaq - NƏ? KITAB OXUMAQ?! Nə deyirsən, bəlkə kitab oxuyaq? Ən son nə zaman uşağınıza bu sualı ünvanlamısız? Bəlkə də bir çoxunuz indi dərin düşüncələrə dalmısız. Ola bilsin cavabınız mənfidir, amma eyibi yoxdur. Gəlin ilk addımı elə bugün ataq!

Oxumaq vərdişi qazanmaq insan həyatındakı vacib amillərdən biridir. Kitab oxumaq yalnız şəxsi inkişaf üçün deyil, həm də sosial inkişaf üçün də öz əhəmiyyətini qoruyur. Beləliklə, bu vərdişi əldə etmək üçün biz, böyüklər, səy göstərməli, uşaq və gənclərin həyatlarına kitabları da daxil etmək üçün əlimizdən gələni etməliyik. Bu zaman vacib sual yaranır : Bəs necə? Kitab oxumaq sadəcə dərsləri oxumaq, imtahanlara hazırlaşmaq deyil. Bu cür fəaliyyət uşaqları bir müddətdən sonra yorur. Bizim məqsədimiz onlarda kitaba olan marağı, sevgini oyatmaq, boş vaxtlarında da kitab oxumalarını təmin etməkdir. Son zamanlar hər kəsi narahat edən pandemiyanı və bununla əlaqədar olaraq evdə qalmalı olduğumuzu nəzərə alsaq, kitab oxumaqla vaxtımızı daha səmərəli və maraqlı keçirdə bilərik. Bunu ilk növbədə

√ Onlara nümunə olaraq başlaya bilərik. Valideynlərini kitab oxuyarkən görmək onlarda kitaba, oxumağa maraq oyada bilər.

√ Onlara kitab hədiyyə edin. Bütün uşaqlar hədiyyəni çox sevir. Hədiyyə qutusunda təqdim olunan kitab onlar üçün daha maraqlı ola bilər.

√ Evinizdə kitab güşəsi yaratmaq əla fikirdir. Bir otaqda və ya otağın hansısa küncündə müxtəlif qəzet, jurnal və kitablardan təşkil olunmuş kitabxana təşkil etməklə uşağın diqqətini cəlb edə bilərsiniz.

√ Günün müəyyən vaxtında bütün ailə üzvləri eyni vaxtda oxu saatı təşkil etmək çox faydalı olardı. Çox deyil, gündə yarım saat və ya bir saat oxu sessiyası uşağınıza inanılmaz bir motivasiya verə bilər.

√ Kitab seçərkən uşağımızın maraq dairəsini mütləq nəzərə almalıyıq. Əlbəttə ki valideyn olaraq öz fikrimizi bildirə bilərik amma son seçimi qoyun övladlarınız etsin. Bu onlarda özünə inam, həm də, seçdiyi kitaba həvəs yaradacaq.

3. Musiqi dinləmək - Musiqi dinləməyin uşaq psixologiyasına müsbət təsirləri olduqca çoxdur.

Bədii-estetik tərbiyənin ən təsirli vasitələrindən biri olan musiqi uşağın emosional təbiətinə çox yaxındır. Musiqinin təsiri altında onun estetik qavrayışı inkişaf edir, duyğuları zənginləşir. Onlarda müxtəlif hisslər oyadır. Eyni zamanda, musiqi sinir sisteminin inkişafında böyük rol oynayır. Musiqi alətində ifa edən uşaqların digər uşaqlara nisbətən yaddaşı güclü olur, daha yaxşı oxuyur və zəngin söz ehtiyatına sahib olur. Uşaq təfəkkürünün inkişafında musiqinin rolu danılmazdır.  Tanıma və sürətli yaddaşın inkişaf etdirilməsi üçün musiqi vacib bir alət kimi göstərilir. Musiqi ilə məşğul olan uşaqlar başqalarının səs tonunu daha aydın seçə bilir. Nəfəs alma imkanları genişlənir, səs telləri möhkəmlənir. Əhval-ruhiyyənizi qaldıracaq musiqilərin dinlənilməsi və onun sədaları altında rəqs həm siz, həm övladınız üçün xoşbəxtlik hormonu olan serotoninin ifrazını sürətləndirəcək. Əylənəcək, həm də pozitiv hiss edəcəksiniz.

4.Uşaqları ev işinə cəlb etmək - Bütün ailənin günün çox hissəsini evdə keçirməsi, xanımların işini çətinləşdirə bilər. Bu işləri ailəvi görmək bu çətinliyi aradan qaldırmağa, zamanınızın səmərəli və əyləncəli keçməsinə yardımçı olacaq. Uşaqlarınızı da ev işlərində yardım etməyə cəlb etmək, evinizin təmizliyi üçün yox, övladınızın inkişafı üçün vacibdir.

Bilirsiniz mi evdə iş görən uşaqlar çox vaxt dərslərini yaxşı oxuyurlar? Onlar, həmçinin özünəinamlı, nizam-intizamlı və qətiyyətli olur. Bu xüsusiyyətlər uşağın öyrənmək qabiliyyətini də  yaxşılaşdırır. Uşaq ailəyə ev işlərində kömək edən zaman, dərk edir ki, o, sadəcə, ailənin üzvü deyil, həm də ailəsinin qarşısında məsuliyyət daşıyır.  Bu işlər həm də ailədaxili münasibətləri möhkəmləndirəcək. Uşaqlardan ev işlərində kömək istəyən zaman mütləq onların yaşını və bacarıqlarını da nəzərə alın. Məsələn, 5-6 yaşa qədər olan uşaqlardan oyuncaqlarını yerinə yığmağı, harasa az çirklənibsə (əli çatan yerlərdə) oranı silməyi, böyük uşaqlara isə evi süpürmək, bulaşıq qabları yığmaq, hətta yemək bişirməyə kömək etməsini istəyə bilərsiniz. Ailəvi olaraq ev işlərini yarışmalar keçirərək görmək daha əyləncəli olar. Çox təəssüflər olsun ki, ölkəmizdə kişi ev işi görməz tipli dar düşüncələr var, lakin siz uşaqlarınızı bu tip işlərə cəlb edərək, həm bu düşüncələrdən uzaq olmasına şərait yaradacaqsınız, həm də,  övladlarınızın xarakterində birlik, humanistlik, məsuliyyətlilik, özgüvən, işdən qorxmamaq kimi anlayışları aşılamış olacaqsız

5. Evdə rəsm məktəbi - Bütün uşaqlar rəsm çəkməyi,rəngli karandaşlarla bir arada olmağı çox sevirlər. Adi cızmaqara belə onlar üçün sevinc mənbəyidir.  Evdə qaldığımız bugünlərdə gəlin bu fəaliyyəti daha da artıraq. Kim bilir, bəlkə də evimizdə gələcəyin rəssamı ? yetişir amma  xəbərimiz yoxdur.

Şəkil çəkmənin onlar üçün faydasını bilsək, boş zamanlarımızda uşaqlarla bu fəaliyyət növünə daha çox zaman ayırarıq. Rəsm, uşaqların özlərini ifadə etməsinin bir yoludur. Bu yolla, uşaqlar öz daxili aləmlərini, istək ? və ya narahatlığını? biruzə verir. Eyni zamanda boyama uşağa bir çox müsbət təsir göstərir, məsələn, sağ və sol beyin yarımkürələri birlikdə işləyir, diqqətin davamlılığı artır və özünə inam formalaşır. Şəkil çəkərək uşaqlar öz yaradıcı güclərini də nümayış etdirirlər.

 Aşağıda verilən nümunəni evdə məktəbyaşlı uşaqlarınızla edə bilərsiniz: Sizə lazım olacaq: albom kağızı və ya A4 kağız, sadə və rəngli karandaş və ya istəyə uyğun boya.

İlk öncə uşağınıza portretin nə olduğu haqqında qısaca məlumat verin. Sonra kagız və karandaşı götürərək, üzbəüz şəkildə bir neçə dəqiqə bir-birinizi izləyin. Kağıza baxmadan, sadəcə bir-birinizə baxmaqla saçdan başlayıb çiyinlərə qədər şəkli tamamlayıb, ortaya çıxan portet haqqında danışa bilərsiniz. “ Kağıza baxmadan şəkil çəkərkən nə hislər keçirdin”?, “Əvvəllər heç bu qədər diqqətlə üzümə baxmışdın”?, Daha əvvəl məndə görmədiyin nəyisə gördünmü”? bu tipli suallar verməklə çəkdiyiniz şəkli müzakirə edə bilərsiniz. Sonra isə, həm kağıza, həm də qarşınızdakı insana baxaraq şəkil çəkməyə başlayın. Artıq əlinizdə müqayisə edə biləcəyiniz 2 şəkil var.

Şəkil çəkməkdən qorxmayın, qoyun əlləriniz duyğularınızın dili olsun

 

6. İdmanın uşaq psixologiyasına təsiri-Gəlin günümüzü səmərəli keçirtmək üçün zamanımızın müəyyən hissəni də idmana ayıraq.

İdmanın insane həm fiziki, həm də psixoloji istiqamətdə müsbət təsirləri vardır. Buna görə də əbəs yerə deyilməyib “İdman sağlamlıqdır”. İdman uşaqların özünü tanımalarına kömək edir. İdman edən uşaqlar bədənlərini yaxşı tanıyar, qabiliyyətlərini və bədənlərinin hansı idman növünə meyilli olduqlarını erkən yaşda kəşf edərlər. Kim hansı idmana uyğun, ya da bu mövzuda sərhədləri nədir? kimi sualların cavabını asanlıqla taparlar.

İlk növbədə idmanla məşğul olmaq özgüvənin, mənlik şüurunun inkişafına müsbət təsir göstərir. Bunlara tennis, üzgüçülük, voleybol, basketbol və s. kimi idman növlərini aid etmək olar.

Liderlik bacarığının formalaşmasına kömək olur. Liderlik bacarığı uşağın həyatında önəmlidir və başqaları ilə qurduğu münasibətlər onda liderlik xüsusiyyətini inkişaf etdirir. Xüsusən də komanda oyunlarında liderlik rolu uşağın qarşısına çıxa bilər və bu bacarığını artırıb, inkişaf etdirə bilər.

Uşaqlarda daha rahat dostluq qurmaq bacarığının formalaşmasına da təsir edir. Xüsusilə daha çox özünəqapalı olan uşaqlar dostluq qurmaqda çətinlik yaşaya bilərlər. Buna görə bir idman komandasının üzvü olmaq, bir yerdə uşaqlarla vaxt keçirmək dostluq qurmağı daha da asanlaşdıracaq. Saatlarla aparılan idman məşqləri zamanı uşaqlar bir-birinə bağlanır və bunun sayəsində sosiallaşır. Bunun nəticəsində də onlar uzunmüddətli dostluqlar qura bilirlər. ?Gördüyümüz kimi idmanla məşğul olmağın necə müsbət təsirləri vardır. İdman həm biz valideynlərin, həm də övladlarımızın ruh yükəsliyini yaradan mühüm açarlardan biridir.

Əziz valideynlər evdə keçirdiyimiz bu zamanları narahatlıq keçirib, təşvişə düşərək deyil də, hər baş verən mənfilərin müsbət tərəflərini düşünərək dəyərləndirək.

Gəlin birlikdə övladlarımızı problemlərdən uzaq tutaq, gündəlik keçirdikləri asudə vaxtlarını evlərdə təşkil edək.

 

 

 "Ümidli Gələcək" STİB-nin Psixoloqu Aynur Məmmədova , Xoşqədəm Quliyeva                                                                   Sosial işçisi Fərid Dünyamalıyev

       Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur

 

 

 

 

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!