Stress demək olar ki, həyatımızın bir çox anında qarşımıza çıxır. Qərar qəbul edərkən, böyük kütlə qarşısında çıxış edərkən, bizə tanış olmayan qəfil situasiyaya düşərkən və ya imtahana hazırlaşan zaman.
Stress, həyəcan da xoşbəxtlik, qorxu, hirs kimi insana məxsus olan və real duyğulardır. Ona yüklədiyimiz mənfi duyğular, stressin nə qədər sıxlıqda yaşanması ilə bağlıdır. Stress insanda zehni, psixoloji eləcə də fizioloji olaraq bir çox dəyişikliyə səbəb olur. Bu simptomların miqdarından asılı olaraq insan davranışında da müəyyən fərqliliklər özünü büruzə verir.
Yeniyetmələrdə yaranan imtahan qabağı həyəcan da onların fikirlərini toplamalarına, imtahana istədikləri kimi hazırlaşmalarına mane olur. Orta səviyyədə yaranan stress əslində siz yeniyetmələr üçün motivasiya mənbəyidir. Stress yaşamayan, imtahanı heç düşünməyən biri sizcə imtahana necə hazırlaşa bilər? Bir qədər stress varsa, bu o deməkdir ki, siz məsuliyyətinizi dərk edirsiniz.
İmtahanla bağlı yaşadığınız stress sizdə hansı simptompları göstərir?
Ümumiyyətlə stress bizdə bir çox simptomlarla özünü göstərə bilər. Gəlin bu simptomlarla tanış olaq:
Fzioloji simptomlar:
· Ürək döyüntüsündə sürətlənmə
· Tərləmə və ya soyuqluq
· Yorğunluq
· Nəfəs almaqda çətinlik
· Mədə və ya baş ağrısı
· Gözün qaralması
· Tez-tez nəfəs alma
· Gərginlik
Emosional, psixoloji olaraq hansı dəyişiklik baş verir?
· Pessimizm
· Qəzəb
· Kədər
· Ümidsizlik
· Həyəcan
· Cəsarəti itirmək
Davranışımızda hansı dəyişikliyə səbəb olur?
· Dərsdənkənar fəaliyyətə yönəlmək
· İmtahanı yarıda buraxmaq və ya imtahana gəlməmək
· Ailə və dostlardan uzaqlaşma
· Həmişəkindən daha az və ya az yemək
· Artan aqressivlik
· Dırnaq yemə, saçla oynamaq
Yuxarıda qeyd olunan simptomların nəqədərini özünüzdə hiss edirsiniz? Bu suala cavab tapmaq üçün, öz bədənimizə, duyğularımıza yönəldikdən sonra imtahan stressilə necə başa çıxa bilərik sualına cavab tapacağıq.
İmtahan stressinin ən başlıca səbəbi imtahana yetəri qədər hazırlaşmış olmamağımızdır. Əgər imtahana lazımi qədər hazır deyiliksə, bu hal yüksək dərəcədə stress yaşamağımıza səbəb olur. Deməli həll yolu aydındır. İlk öncə imtahana düzgün və tam hazır olmalıyıq. Hazırlıq prosesindən çox nəticəyə yönəliriksə, imtahandan sonra həyatımızın tamam dəyişəcəyi , karyeramıza təsir edəcəyi haqqında həddindən çox düşünürksə, bu bizdə uğursuzluq qorxusu, çarəsizlik, özünə inamsızlığ səbəb olacaqdır. Sözsüz ki, belə vəziyyət daha da stresli olmağımıza gətirib çıxarır.
İmtahana yaxşı hazırlaşmağımızdan əmin olduqdan sonra, nə edə bilərik ki, yüksək həyəcan yaşamayaq, imtahandan əvvəl, imtahan anında bu vəziyyəti ələ alaq
İmtahandan əvvəl nə edə bilərsiniz?
- İmtahana mümkün qədər hazırlaş. İmtahan stressin azaltmağın ən əsas yolu imtahan mövzusunu bildiyinizdən əmin olmaqdır.
- Mövzuları nəzərdən keçirin. Bu təkrarlamanı bir həftə ərzində bölüşdürməyə çalışın. Bu şəkildə məlumatı yadda saxlamaq daha asan olacaq.
- İmtahandan əvvəl çox oxumayın. Ümumi bir araşdırma edin, ancaq iki aylıq mövzuları iki saata sığışdırmaq, imtahana hazırlaşmağın çox təsirli yolu deyil. Son dəqiqə narahatlığınızı azaltmaq üçün daha erkən təkrarlamağa başlayın.
- İmtahanın yerinə həddindən çox erkən getməyin, amma gecikməməyə də səy göstərin. Dincəlməyə çalışın və imtahan barədə dostlarınızla və ya ailə üzvlərilə danışmayın.
- Öz hədəflərinizi və gözləntilərinizi təyin edin. Ətrafınızdakı digər insanların sizdən fərqli gözləntiləri varsa, onlarla danışmaq lazım gələ bilər.
- Unutmayın ki, imtahandn aldığınız bal sizi şəxsiyyətinizi ölçmür. Bəzi insanların bu cür düşünməsi çətin olacaq. Çünki bu vaxtları özünüzü ancaq tələbə kimi qiymətləndirirsiniz. Buna görə digər rollarınız barədə düşünməyə çalışın. Özünüzü yalnız bir tələbə kimi düşünmək əvəzinə ailənizin oğlu, qızı, dostu, və s. rollarınızı da nəzərə alın
- İmtahana aid olmayan düşüncələrdən uzaq olmağa çalışın. Etdiyiniz "mənfi söhbətlərdən" xəbərdar olun və bunun əvəzinə daha müsbət, özünü dəstəkləyən ifadələri düşünün. Məsələn, "Bu imtahana çox yaxşı hazırlaşdım.", "Əlimdən gələni etdim" kimi ifadələr sizi müəyyən mənada rahatlaşdıracaqdır.
İmtahan zamanı nə edə bilərsiniz
- Qeyd etdiyimiz kimi orta səviyyədə stress təbiidir. Sual kitabçasını götürəndə bir neçə dəfə dərin nəfəs alın və yavaş-yavaş nəfəs verin, rahatlayın və sualları oxumağa başlayın.
- Vacib suallara üstünlük verin. Bir suala çox vaxt sərf etməyin. Cavabını bilmədiyiniz sualı ötürüb digər suallara keçin.
Fiziki hazırlıq
İmtahandan əvvəl yuxu və qida rejiminizə xüsusilə diqqət yetirmək lazımdır.. İnsanlar yorulduqda, narahatlıq səviyyəsi daha da artır. İmtahandan əvvəl dadını bilmədiyiniz hr hansısa bir şey yeməyin.
Bütün bu hazırlıq mərhələrini keçərkən NƏFƏS və ƏZƏLƏ məşqləri stressin üstəsindən gəlmək üçün sizə kömək olacaqdır.
Nəfəs alma avtomatik bir funksiyadır. Lakin insan nəfəsini, yəni tənəffüsünü idarə etməyi bacara bilir. Doğru şəkildə nəfəs alma stressin üstəsindən gəlməyə, fizioloji və psixoloji rahatlamağa səbəb olur. Doğru nəfəs burundan alınır, ağır, sakit və dərin olur. Döş qəfəsi nəfəs yerinə diafraqma nəfəsi (qarın nəfəsi) alınmalıdır. Bunun üçün sağ əlinizi qarın boşluğuna qoyun, sol əlinizi isə döş qəfəsinə. Nəfəs alan zaman ilk öncə qarın boşluğu hava ilə dolmalıdır. İlk 3 saniyə dərindən nəfəs alın, 2 saniyə nəfəsinizi saxlayın, digər 2 saniyə ərzində yavaş-yavaş nəfəsinizi verin.
Bu nəfəs hərəkətlərini hər zaman etməyə çalışın.
Əzələlərin rahatlaması üçün məşq: Bu metodla əzələlərin gərilməsi və boşalması baş verir. Ümumiyyətlə 15-20 dəqiqə davamlı məşqlər, gündə 2 dəfə sakit və rahat bir mühitdə edilir. Rahat bir oturacaq və ya stulda oturaraq edilə bilər. Səhər yataqdan qalxdıqdan sonra və gecə yatmadan əvvəl tətbiq olunur. Ayaq barmaqlarından başlayaraq, əl barmaqlarına qədər bütün əzələri məşq etdirmək sizi həm fiziki həm də zehni cəhətdən rahatlaşmağınıza gətirib çıxaracaqdır.
UNUTMAYIN Kİ HEÇ BİR İMTAHAN SİZDƏN DƏYƏRLİ, VACİB DEYİL!
"Ümidli Gələcək" STİB-nin Psixoloqu Quliyeva Xoşqədəm
Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur