Yaş böhranları insanda müxtəlif psixoloji funksiya və davranış modellərinin dəyişilərək, yenisi ilə əvəz olunduğu bir dövrdür. Böhran dövrləri digər yaşlardan fərqli olaraq ona görə bu cür xarakterizə olunur ki, bu mərhələdə dəyişikliklər gözəçarpan dərəcədə köklü olur və biz valideynlər də övladımızda bunları gördüyümüz zaman narahatlıq hissi keçirir, onlarla münasibətdə harda, nə zaman səhvlər etdiyimizin axtarışına çıxırıq. Bu axtarış zamanı bəzən problem kimi gördüyümüz davranışları aradan qaldırmaq üçün övladımıza qarşı olan yanaşma tərzimizdə də səhvlərə yola verə və məsələni daha da dərinləşdirə bilərik. Buna görə də problemlərin dərinləşmədən sabit keçməsi və gələcək yaşlara sağlam addımlamaq üçün biz valideynlər bu mərhələdə övladlarımıza qarşı yanaşma tərzini düzgün qurmaqla onlara dəstək ola bilərik.
Gəlin, ilkin olaraq 2-3 yaş böhranından başlayaq...
2-3 yaş böhranı nədir?
2 yaşındakı uşaqların bütün dünyaya qarşı bir güc mübarizəsində olduqları, hər şeyə yox dedikləri, söz dinləmədikləri, qərarsız və üsyankar olduqları müvəqqəti bir dövrdür. Prof. Dr. Haluk Yavuzer, “Uşağın İlk 6 İli” adlı kitabında belə bir vəziyyətin (qərarsızlıq, tərslik, özbaşınalıq, etiraz və s.) 2,5 yaş üçün keçərli olduğunu və bu çətin dövrün “başgicəllənmə mərhələsi” kimi xarakterizə olunduğunu bildirir.
2-3 yaş böhranı nə vaxt başlayır?
Hər bir uşağın inkişafı bənzərsizdir. Ancaq "iki yaş böhranı" adlanmasının səbəbi, 2 yaş civarında uşaqların bu qədər çətin bir dövr keçirməsidir. Yüksək faizlə 2,5 yaşında uşaqlarda bir sıra davranışlar, məsələn: tərslik, özbaşınalıq, inadkarlıq və s. ən pik nöqtəsinə qalxar. Sadalanan bu kimi davranışların bəzi simptomları isə 1,5 yaşında başlaya bilər.
2-3 yaş böhranının əlamətləri hansılardır?
· Aqressivlik;
· Qəfil baş verən neqativ hərəkətlər;
· Hər şeyə "yox" demə, istədiyini əldə etmək üçün var gücü ilə çabalama;
· Başa düşülmədiyində tez qəzəblənmək, impulsiv reaksiya vermək;
· Söz dinləməmə, əksinə deyilənlərin tərsini etmə;
· Hər şeyə toxunmaq istəyi, həddindən artıq hərəkətlilik (hiperaktivlik);
· Kənar müdaxilə olmadan hər şeyi özünün etmək istəməsi;
· Bəzən kriz şəklində ağlamaq, başını divara vurmaq, müxtəlif yerlərə/ əşyalara vurmaq;
· Ətrafındakı hər kəs üzərində nüfuz yaratmaq, hər kəsi idarə etmək, hər kəsi onun istədiklərini etməyə məcbur etmək istəyi və s.
Bu dövrdə kəskin davranış dəyişikliklərinin yaranmasına təsir edən bir sıra aşağıdakı amilləri qeyd edə bilərik:
Övladınızın çılğınlığını və qərarsızlığını ərköyünlük hesab edirsinizsə, onun səbəblərini bilsəniz, ona qarşı daha anlayışlı davrana bilərsiniz:
§ Bu dövr sinir sisteminin inkişafında bir aralıq mərhələdir, buna görə sanki daşlar hələ yerində tam oturmayıb və bu səbəbdən uşaqlar da etdikləri davranışların bəzən fərqində olmaya bilirlər.
§ 2,5 yaşlı uşaqların özünüidarəsi tam deyildir, əzələ-motor mexanizmi hələ tam inkişaf etməmişdir.
§ Bu mərhələdə seçmə qabiliyyəti tam formalaşmadığı üçün ona verilən seçimlərdən hər iki imkanı da üstün tutur və yəni seçimlərində qərarsız olur.
§ Gündəlik gərginliyin təsiri altında qorxulu yuxular görərək tez-tez oyandıqları bir dövrdür. Qarışıq əhval-ruhiyyənin arxasında bu vəziyyətində təsiri böyükdür.
§ 2-3 yaşlı uşağın beyni böyüklərin beynindən 2 dəfə daha aktivdir. Problemlərə yol açan maraq duyğusunun və durmadan verdiyi sualların arxasında çox sürətli işləyən bir beyin vardır.
§ "Mən" hissi inkişaf etdiyi üçün hər fürsətdə bəyəndiyi və bəyənmədiyi şeyləri sizə danışmaq istəyir. Artan söz ehtiyatı işə düşəndə isə susmaq bilməyən bir uşaq çevrilir.
§ Müstəqilliyi artdıqca özünü sizdən ayrı olduğunu hiss edər. İstəklərini göstərməyə çalışarkən təkbaşına addım atmaları onlar üçün qorxunc hala çevrilə bilər.
Bu böhran mərhələsində övladımıza necə davranmalıyıq?
Ø Ən kritik hissəyə gəldik. Əvvəla, anlamalı olduğumuz məsələ bu müddətin normal və müvəqqəti olmasıdır. Zehni inkişaf mütəxəssislərindən biri olan psixoloq Viqotskinin dediyi kimi, uşaq inkişafı böhranlar və dəyişikliklər müddətidir. Böyümək, belə çətin anların yaşanması ilə mümkün olur. Uşağınızın müstəqillik qazanması, özünü sübut etmək istəməsi, özünü tanıması əslində sağlam bir proseslərdir. Özünə inamının inkişaf edə bilməsi üçün bu çətin dövrü keçməlidir.
Ø "Anan ilə belə danışa bilməzsən!" demək zamanı deyil. Övladınızın bu mənfi davranışlarını görməzdən gəlin, bir müddət laqeyd yanaşın, mübahisə etməyin.
Ø Uşağınız "Get burdan!" deyirsə, bu sözün əslində başqa bir məna ifadə etdiyini düşünün, dərhal qəzəblənməyin. Əslində, hətta sizin onunla daha yaxın olmağınızı istəmiş belə ola bilər. Ona bu işdə kömək etmədiyinə görə məyus ola bilər. "Düşünürəm ki, biraz öncə məşğul olduğum üçün mənə hirsləndin. Səninlə oynamağımı istəyirsən?" deyə bilərsiniz. Bu şəkildə uşaq növbəti dəfə özünü ifadə etmək üçün lazım olan ifadələri öyrənmiş olur.
Ø Qəzəbləndiyiniz zaman diqqətinizi oyuncağa və ya başqa bir şeyə yönəldin.
Ø Ünsiyyətin əsas prinsiplərini tətbiq edin: Bütün diqqətinizi ona yönəldin. Göz kontaktı qurun. Qəbul etdiyinizi bədən dilinizlə göstərməyə çalışın. Ona hörmət etdiyinizi bu formada göstərmiş olacaqsınız. Ciddi bir üz ifadəsi ilə ona yaxınlaşın, onu dinləyin. Qərarlı bir səs tonu ilə danışın.
Ø Cəhdlərini hər zaman dəstəkləyin. Səhvlərini görməzlikdən gəlin. Bütün uğurlarını tərifləyin. Səhvlərini deməsəm ərköyünləşər və öyrənməz deyə narahat olmayın. Bu anda ehtiyacı olan şey hörmət görmək və varlığını qəbul etdirməkdir.
Ø “Sən bacardın" söyləməkdən çəkinməyin. Övladınızı dinləmək sizdə həm onun istədikləri və istəmədikəri haqqında məlumat əldə etməyinizə imkan yaradar, həm də ona davranışlarına qarşı görə məsuliyyət daşımağı öyrədər.
Bu yaş dövründə övladımıza dəstək olmağı bacarmalı, davranışlarına görə onları tənqid etməkdən daha çox öhdəsindən gəldikləri kiçik uğurlarına görə tərifləməli və təqdir etməliyik.