Uşağın inkişafında atanın 6 mühüm rolu!
Adlı məqaləmizi sizlərə təqdim edirik!
Uşaqların sağlam inkişafında anaların ön planda olması lazım olduğu düşünülsə də, xüsusilə psixi sağlam uşaqların yetişdirilməsində ataların da ən az analar qədər mühüm rol oynadığını unutmaq olmaz. Son illərdə ailə strukturlarının dəyişməsi, boşanmaların artması, anaların iş həyatında daha çox iştirak etməsi ilə ata və uşağın sağlam ünsiyyət qurması çox vacib hal alıb. İş o yerə çatıb ki, ata ilə uşaq arasında qeyri-adekvat və ya qüsurlu bir əlaqə az qala uşağın bütün həyatına mənfi təsir göstərəcək addımların təməlini qoyur, sağlam münasibət isə bir çox mühüm üstünlükləri təmin edir, məsələn, uşağın özünə güvənməsi, empatiya qurmağı bacarması və daha ictimai həyat sürməsi.
Sağlam ata-övlad münasibətlərinin uşaqların inkişafında 6 mühüm rolu:
1. Sosial həyat anlayışının inkişaf etdirilməsi: Uşaqlar anaları ilə sevməyi və güvənməyi, ataları ilə ünsiyyət qurmağı, yəni qaydalara tabe olmağı, problemləri paylaşaraq həll etməyi öyrənirlər. Ana ilə münasibətə atanın, yəni üçüncü şəxsin əlavə edilməsi uşağın şüurunda “başqaları” və “ictimai həyat” anlayışlarını inkişaf etdirir. Məsələn, uşaq ilk paylaşma nümunəsi olaraq anasını atası ilə bölüşməyi öyrənir. Uşaq "Anamla mən birik" deyə düşünür. Uşaq atanın varlığını dərk etdikcə anasının da başqaları ilə münasibətdə olduğunu anlayır və beləliklə uşağın başqalarını sevmə qabiliyyəti də inkişaf edir. Ata bu münasibətdə nə qədər fəal olarsa, uşaq başqalarının varlığını qəbul etməyi bir o qədər tez öyrənir. Bu, sosiallaşmanı, yəni başqa insanlarla ünsiyyətin qəbuluna şərait yaradır.
2. Sağlam cinsi inkişafda atanın rolu çox vacibdir. Oğlanın ata ilə eyniləşdirilməsi onun cinsi inkişafı və sosiallaşması üçün əhəmiyyətlidir. Psixoseksual inkişaf nəzəriyyəsinə görə, təxminən 3 yaşında oğlanlar atalarının yerini tutmaq və analarının tək sevgisi olmaq istəyirlər. Buna mane olanın ata olduğunu zənn edir, atanı qısqanırlar. Düşünürlər ki, ataları onları analarına olan sevgilərinə görə cəzalandıracaq. Sonradan atanın daha güclü olduğunu anlayır, onunla eyniləşir və bu prosesin öhdəsindən gəlirlər. Sağlam və doğru istiqamət odur ki, bu proses belə başa çatır. Bu prosesdə ləngimə varsa, cinsi inkişafın əldə edilməsi prosesində problemlər yarana bilər.
3. Qarşı cinslə münasibətin təməli qoyulur:
Qızlar üçün ata həyatlarında ilk qarşılaşdıqları kişi olur. Bu səbəbdən ata ilə qurulan münasibət gələcəkdə qarşı cinslə münasibətlərin keyfiyyətini və formasını müəyyən edir. Məlumdur ki, qızlar ümumiyyətlə atalarına oxşayan kişiləri həyat yoldaşı seçirlər. Məsələn, atasını həddindən artıq ideallaşdıran və atası ilə çox yaxın münasibətdə olan qız həmişə atası kimi birini axtarır, amma heç vaxt onun kimisini tapa bilmir. Bundan əlavə, atalarından kifayət qədər diqqət və sevgi görməyən qızlar isə münasibətlərində daha yaşlı və ya yetkin kişilərə üstünlük verə bilər; Atalarından hiss edə bilmədikləri qayğı və şəfqəti bu yolla axtarırlar.
4. Zəkanın inkişafına təsir edir:
Araşdırmalara görə, uşaqların yüksək intellekti ilə atanın diqqəti arasında sıx əlaqə var. Çünki atanın varlığı uşağa stimul baxımından daha zəngin mühit təmin edir. 6-cı aydan etibarən uşaqlar atalarının səsini və iyini daha aydın ayırd etməyə başlayırlar. Anası ilə daha çox vaxt keçirən uşaq üçün atanın evə gəlməsi və uşağa olan marağı yeni bir təcrübə sahəsi ortaya çıxarır. Bütün bunlar zəkanın inkişafına təsir edən amillərdəndir. Bundan əlavə, atası ilə yaxşı münasibətdə olan uşaqların həm məktəbdə, həm də dərsdən sonra iş və sosial həyatları daha yaxşı olur.
5. Özünəinamın inkişafına təsir edir:
Ataları ilə yaxşı münasibətdə olan uşaqlar özlərinəinamı yüksək olan və fikirlərini rahat ifadə edə bilən yetkinə çevrilirlər. Bir sıra mütəxəssislər "Ata sevgisini və dəstəyini hiss etmək uşağın özünəinamını və edə biləcəklərini artırır" deyir.
“Atalar övladlarının gözündə daha güclü və müdrikdirlər. Ona görə də daha çox hörmət oyadırlar. Atanın övladına mənəvi dəstək olması və atanın gücü uşaqda “Mən bacararam” hissi yaradır. Arxanızda atanızın olduğunu bilmək həmişə güc, inam hissini artırır”.
6. Uşaq özünü daha güclü hiss edir:
Ata ilə yaxşı münasibət həm də sağlam bir ruhun təməlidir. Həm uşaqlıqda, həm də yetkinlikdə ata ilə yaxşı ünsiyyət, zehni inkişafa, psixi problemlərə və sıxıntılara qarşı qoruyucu təsir göstərir. Ata sevgisi və etibarı övladın özünü psixoloji cəhətdən daha güclü hiss etməsinə səbəb olur. Bu, ona həyatda qarşılaşdığı streslərlə daha yaxşı mübarizə aparmağa kömək edir.
Həyatda ən qiymətli məqamlardan biri də yaşadığınız mənfilik qarşısında valideynlərinizdən eşidəcəyiniz “ Biz sizinləyik ” ifadəsidir.